İmamoğluna qarşı yeni ittihamın DETALLARI - Britaniya kəşfiyyatı ilə əməkdaşlıq...

Mart ayında Türkiyədə korrupsiya ittihamları ilə həbs edilən İstanbulun keçmiş meri Əkrəm İmamoğlu yeni casusluq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
İstintaq Türkiyə hakimiyyətinin Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bildiyi Hüseyn Günlə bağlıdır.
Müstəntiqlər Günün İmamoğlu, onun yaxın silahdaşları və əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasını (CHP) dəstəkləyən media holdinq şirkətinin sahibi ilə əlaqələrini araşdırırlar.
Prokurorların sözlərinə görə, Gün şifrələnmiş rabitə vasitələrindən istifadə edib, külli miqdarda pul köçürüb və hərbi sənədlərə, habelə İsrail vətəndaşlarının şəxsi məlumatları da daxil olmaqla məxfi materiallara çıxış əldə edib.
Müstəntiqlər Günün sənədlərində çevriliş cəhdləri, kütləvi iğtişaşlar, FETÖ və PKK nümayəndələri ilə yazışmalar barədə qeydlər olduğunu iddia edirlər. Prokurorluğun məlumatına görə, o, özünü iş adamı kimi təqdim edərək Türkiyə, Yaxın Şərq və Afrika ilə bağlı kəşfiyyat məlumatlarını xarici agentlərə ötürüb.
Müstəntiqlər həmçinin Günün İmamoğlunun seçki qərargahının üzvləri - strateq Necati Özkan və kommunikasiya direktoru Murat Ongün ilə əlaqələrini də qeyd edirlər. Günün seçki məlumatlarını toplamaqda və İmamoğlunun potensial prezidentlik kampaniyası da daxil olmaqla siyasi layihələri maliyyələşdirməkdə iştirak etdiyi bildirilir./oxu.az










.jpeg)









