Ronaldo dünya rekorduna imza atdı - 950 qol vuran ilk futbolçu oldu
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo karyerasında 950 qol həddinə çatan ilk oyunçu kimi futbol tarixinə düşüb.
Ronaldo bu uğura Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunda “Əl-Həzm”lə keçirilən səfər matçında qol vurmaqla nail olub. Onun zərbəsindən sonra hesab “Əl-Nəsr”in xeyrinə 2:0 olub.
Hazırda Ronaldo dünya futbolunda ən çox qol vuran oyunçu statusunu qoruyur. Onun ən yaxın rəqibi, ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messidir. Messi indiyədək 891 qola imza atıb.
Xatırladaq ki, 40 yaşlı Ronaldo beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqası qalibi, eləcə də milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tarixində bütün dövrlərin ən məhsuldar futbolçusudur.
Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr” klubuna transfer olunub. O, bundan əvvəl Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib.
Press-fakt



















