Ruslar iqtisadi inkişafa ümidini itirib - Hər üç rusiyalıdan biri bundan şikatyətlənir
Rusiya vətəndaşları ölkənin gələcək iqtisadi inkişafından olduqca ümidsizdirlər. Kreml təbliğatı hər nə qədər sanksiyaların guya ölkəyə fayda verdiyini və Qərbin Kremlin iqtisadi uğurlarına həsəd apardığını iddia etsə də, əhali milli iqtisadi perspektivlərlə bağlı getdikcə daha çox məyusdur.
“Gallup” sorğu mərkəzinin yayımladığı hesabata görə, rusların 31%-i ərzaq üçün kifayət qədər pullarının olmadığından şikayətlənir. Bu, Krımın ilhaqından və Qərblə qarşıdurmanın başlamasından əvvəl müşahidə olunan səviyyəni az qala iki dəfə üstələyir. Belə ki, 2013-cü ildə bu göstərici 17% olub.
Eyni zamanda, “Gallup” sosioloqları getdikcə daha çox rusun öz bölgələrində iqtisadi vəziyyətin pisləşməsindən gileyləndiyini qeydə alıblar. 2025-ci ildə respondentlərin 39%-i yaşadıqları bölgədə vəziyyətin pisləşdiyini deyib. Halbuki bir il əvvəl bu rəqəm 33%, 2023-cü ildə 34% və 2022-ci ildə 29% idi.
Əhali arasında iqtisadiyyatla bağlı pessimizm 20 illik tədqiqat dövründə rekord həddə çatıb: ruslar bundan əvvəl vəziyyəti yalnız 2009-cu il qlobal maliyyə böhranı (40%) və COVID-19 illərində (45-50%) indikindən daha pis qiymətləndirmişdilər.
Müqayisə üçün, 2010-cu illərin əvvəllərində neftin qiyməti bir barelə görə 100 dolları keçdikdə və Qərblə müharibə ideyaları gündəmdə olmayanda, rusların cəmi 19-24%-i ağır iqtisadi vəziyyətdən şikayət edirdi.
Hesabatda göstərilir ki, ərzaq inflyasiyası ümumi qiymət artımını üstələyir və yoxsulların ərzaq səbətinin əsas elementi olan kartofun pərakəndə satış qiymətləri 2024-cü ilin əvvəlindən bəri 167% artıb. “Gallup” mütəxəssislərinin fikrincə, bütün bunlar Rusiyanın iqtisadi sabitliyinin "kövrəkliyini" göstərir.
Bu arada, Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının cəmi 0,6% artacağını proqnozlaşdırır. Bu isə faktiki durğunluq, hətta inflyasiya nəzərə alınarsa, geriləmə deməkdir.
Press-fakt




















