Türkiyədə 150-dən çox futbol hakimi mərc oyunlarında iştirak edib - QALMAQAL
Türkiyədə futbol hakimləri ilə bağlı ciddi qalmaqal ortaya çıxıb.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamasına görə, aktiv fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc oyunlarında hesabı olduğu müəyyən edilib.
Onlardan 152 nəfərin birbaşa olaraq mərc oyunlarına pul yatırdığı da təsdiqlənib.
İbrahim Hacıosmanoğlu bildirib ki, TFF-nin Nizam-İntizam Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və yaxın günlərdə müvafiq cəzalar açıqlanacaq. O, həmçinin məsələnin FİFA və UEFA-ya da bildirildiyini vurğulayıb.
Mövcud qaydalara əsasən, mərc oyunlarında iştirakı sübuta yetirilən hakimlər 5 ilədək futbol oyunlarını idarə etməkdən uzaqlaşdırıla bilər.
Hadisə Türkiyə futbolunda son illərin ən ciddi etik pozuntularından biri kimi qiymətləndirilir.
Press-fakt




















