"O videodan görünəcək, Günay Ağamalıya çağırış edirəm ki..."- Elçin Ağamalı

“Oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayının yekun, o cümlədən yeni rəhbərliyi ilə bağlı bütün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim ediləcək. Sənədlərlə bərabər qurultayın tam videoçəkilişi də təqdim ediləcək. Təqdim olunacaq videoçəkilişdə qurultayın gedişatını kimlərin pozmağa cəhd etməsi və buna nail ola bilməyərək uğurla başa çatması ilə bağlı bütün proses əksini tapıb. Kimin pozuculuq etdiyi aydın görünəcək”.
BunuAna Vətən Partiyasının oktyabrın 25-də keçirilən növbədənkənar qurultayında yeni sədr seçildiyini bəyan edən Elçin Ağamalı deyib.
O bildirib ki, hazırda sənədlərin mükəmməl şəkildə hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunması istiqamətində işlər gedir və bu proses ola bilsin bir neçə gün çəksin.
Qarşı tərəfin də qurultaydakı qanun pozuntuları ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyi ilə bağlı sualı cavablandıran Elçin Ağamalı deyib: “Biz qanun pozuntusu ilə bağlı bütün faktların təqdim olunmasında maraqlıyıq və bunu ancaq alqışlayırıq. Bir daha qeyd edirəm ki, orada qanunu kimlərin pozmağa cəhd etməsi açıq şəkildə bəlli olacaq”.
Ədliyyə Nazirliyinin verəcəyi qərardan hansısa tərəfin razı qalmayacağı təqdirdə hansı addımlar atılacağı və ya partiyanın parçalanması ehtimalına gəldikdə Elçin Ağamalı belə bir halın baş verəcəyini düşünmür.
“Partiya 1990-cı ildən yaranıb və bu müddət ərzində bir neçə dəfə buna oxşar durumla üzləşib. Lakin parçalanma olmayıb. Bir neçə nəfər ya istefa verib, ya da özü uzaqlaşıb. İndiki halda da parçalanma olacağını düşünmürəm. Qurultayda qanuni şəkildə sədr seçilmişəm və sədr kimi də Günay Ağamalıya əməkdaşlıq əlimi uzatmışam. Sizin vasitənizlə Günay xanıma partiyanı bundan sonra da inkişaf etdirmək üçün birgə əməkdaşlıq etmək barədə bir daha çağırış edirəm”, - Elçin Ağamalı qeyd edib.
Press-fakt



















