Monteneqroda saxlanılan azərbaycanlılar AZAD EDİLDİ
Monteneqro paytaxtı Podqoritsada kütləvi iğtişaş baş verib. Yerli sakinlə türkiyəli şəxslər arasında baş verən dava zamanı monteneqrolu kişinin bıçaqlanmasından sonra türklərə qarşı vandalizm aktları alovlanıb. Hadisələr zamanı onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı tutulub. Həbs edilən Azərbaycan vətəndaşının 31 yaşlı Yaqub Qurbanov olduğu bildirilir.
Bundan başqa, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi cərimələnib, səkkiz nəfərə deportasiya qərarı çıxarılıb, iki nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Azərbaycan-Monteneqro parlamentlərarası işçi qrupunun sədri Əli Məsimli bildirib ki, saxlanılanlardan biri istisna olunmaqla, digər azərbaycanlılar buraxılıb:
"Monteneqroda baş verən bəzi iğtişaşlar barədə məlumatım var. Orada baş verən insidentlə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının biri istisna olmaqla, qalanları buraxılıb. Həmin bir nəfərlə bağlı isə hələ yalnız araşdırma gedir. Azərbaycan vətəndaşları, onların yaşadıqları binanın yerli sakinləri tərəfindən daşlanması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ediblər. Müvafiq sorğular, digər müraciətlər də var. Araşdırma davam edir. Həmin sorğular cavablandırıldıqdan sonra məsələyə aydınlıq gələcək".

Ə.Məsimli hər iki tərəfin baş verənlərin obyektiv araşdırılmasında maraqlı olduğunu vurğulayıb:
"Azərbaycanla Monteneqro arasında qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı və perspektivli əlaqələr qurulub. Hər iki tərəfin səyi ilə bu əlaqələr inkişaf etdirilir. Ona görə də hər iki tərəf maraqlıdır ki, baş verənlər obyektiv araşdırılsın, normallaşsın və münasibətlər artan xəttlə daha da inkişaf etsin"./modern.az





















