Mediatorlar arasında mübahisə məhkəmədə bitdi - 1000 manat CƏRİMƏ
Bakı 13 saylı Mediasiya Təşkilatının direktoru vəkil İlham Mehtiyevə böhran atmaqda ittiham olunan mediator cərimələnib.
Yevlax şəhərində fəaliyyət göstərən mediator N.Hüseynzadə “Whatsapp”da yaradılan qrupda İlham Mehtiyev haqqında “oğurluq”, “saxtakarlıq” və “intizam pozuntusu” kimi ifadələr işlədib.
İlham Mehtiyev sözügedən ifadələrə görə xanım medatoru məhkəməyə verib, onun şərəf və ləyaqətini ləkələdiyini, işgüzar nüfuzuna xələl gətirdiyini bildirib.
Məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən, Hüseynzadənin yazılarında açıq təhqir ifadələri və nalayiq sözlər olmasa da, “böhtan xarakterli məlumatlar” mövcuddur. Məhkəmə nəticəyə gəlib ki, N. Hüseynzadə qarşı tərəfi oğurluq və saxtakarlıqda ittiham etməklə, onun nüfuzuna bilərəkdən zərər vurub.
Təqsirləndirilən şəxs özünü günahkar saymayıb və yazdıqlarının tənqidi xarakter daşıdığını bildirib. O, qeyd edib ki, “aidiyyət pozuntusu” ilə bağlı məsələdə faktiki qanun pozuntusu baş verdiyini düşünərək ümumi fikir ifadə edib, heç kimin adını çəkməyib. Müdafiə tərəfi şahid ifadələri və mediasiya sənədləri əsasında bəraət istəyib.
Məhkəmə N. Hüseynzadənin əməlinin böhtan (CM-nin 147.1-ci maddəsi) olduğuna qərar verib və ona 1000 manat məbləğində cərimə cəzası verilib.
Eyni zamanda, 148-ci maddə (təhqir) üzrə ittiham sübuta yetirilmədiyindən N.Hüseynzadəyə həmin maddə üzrə bəraət verilib.
Press-fakt






















