Çernobılda mavi rəngli itlər peyda olub - FOTO / VİDEO

Çernobıl atom elektrik stansiyası yaxınlığında bir neçə itin sarı-mavi rəngə çevrilməsi bölgədə çalışan heyvan baxıcılarını təəccübləndirib.
"New York Post" xəbər verir ki, bu barədə "Dogs of Chernobyl" adlı xeyriyyə təşkilatı məlumat verib.
Bildirilir ki, bu itlər təxminən 40 il əvvəl baş vermiş nüvə faciəsindən sonra tərk edilmiş ev heyvanlarının nəsilləridir. Onlar bu ay Çernobılın qadağan olunmuş zonasında müşahidə ediliblər.
“Hazırda sterilizasiya üçün itləri tuturuq və tamamilə mavi rəngdə olan üç itlə qarşılaşdıq. Hələki nə baş verdiyini dəqiq bilmirik,” – deyə qurum instaqram hesabında bildirib.
Yerli sakinlərin sözlərinə görə, həmin itlərin tükü cəmi bir həftə əvvəl adi rəngdə olub. Təşkilatın nümayəndəsi qeyd edib ki, böyük ehtimalla, itlər hər hansı kimyəvi maddə ilə təmasda olublar.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktoru partlamışdı. Bu hadisə tarixdəki ən ağır nüvə fəlakəti sayılır. Partlayış nəticəsində böyük miqdarda radiasiya atmosferə yayılıb, on minlərlə insan köçürülüb, bölgə isə bu günədək yaşamaq üçün təhlükəli zona hesab olunur.






















