Tək Mehdiyev və Əlizadə deyil, İSA HƏBİBBƏYLİNİ DƏ YOXLAYIRLAR - İstintaq indiki AMEA Prezidentinin işini araşdırır
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı araşdırma aparır.
Press-fakt xəbər verir ki, “haqqin.az” saytının məlumatına görə, araşdırma təkcə Ramiz Mehdiyevin deyil, həm də hazırkı AMEA Prezidenti İsa Həbibbəylinin və daha əvvəl quruma rəhbərlik etmiş Akif Əlizadənin fəaliyyətini əhatə edir. İstintaq AMEA-da mənimsəmə və ya vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının olub-olmadığını müəyyən edir.
Əvvəllər AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı cinayət işləri müxtəlif illərdə açılıb və Baş İdarə tərəfindən araşdırılıb.
Xatırladaq ki, Baş prokuror Kamran Əliyev oktyabrın 1-də mediaya açıqlamasında AMEA-da baş vermiş qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirib. O bildirib ki, cinayət işləri bir neçə istiqamətdə araşdırılır: "Məndə olan məlumata görə, bəzi işlər üzrə ibtidai istintaq artıq başa çatıb və işlər baxılması üçün məhkəməyə göndərilib". Hazırda adı çəkilən qurumda baş vermiş qanun pozuntuları ilə bağlı başqa bir cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bundan əlavə, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlədiyi dövrdə baş vermiş mənimsəmə ilə bağlı keçmiş millət vəkili Elton Məmmədovun da istintaqa cəlb edildiyi bildirilir. Prokurorluq Elton Məmmədova qarşı da cinayət işi aparır.
Press-fakt





















