İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
İran raket proqramı, həmçinin uranın zənginləşdirilməsindən imtina etməyi planlaşdırmır və ABŞ ilə birbaşa danışıqlar aparmaq istəmir.
Report-un "Mehr"ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz nüvə proqramımızla bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlar aparmağa hazırıq. Bu proqram sülh xarakteri daşıyır. Bu barədə ədalətli razılaşmaya gəlmək olar, lakin Vaşinqton qeyri-mümkün və qəbuledilməz şərtlər irəli sürüb", - XİN başçısı bildirib.
O, həmçinin vurğulayıb ki, İran öz raket proqramı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil: "Öz silahından imtina etmək axmaqlıq olardı".
A.Əraqçi yenidən vurğulayıb ki, Tehran uran zənginləşdirməsini dayandırmayacaq və prinsip etibarilə Vaşinqtonla birbaşa danışıqlara hazır deyil: "Dolayı dialoq vasitəsilə razılaşmaya nail olmaq mümkündür".
İran XİN başçısı, həmçinin İsrailin endirdiyi zərbələrdən (bu ilin iyununda - red.) sonra zənginləşdirilmiş uranın taleyindən bəhs edib:
"Nüvə materialları bombalanmış nüvə obyektlərinin dağıntıları altında qalır və başqa yerə köçürülməyib. Bizim nüvə infrastrukturumuz və avadanlıqlarımız zədələnib, lakin texnologiyalarımız toxunulmaz qalıb".




















