“Pərakəndə satışa icazə verilsin”-
Sahibkarlar Baş nazirə və Prezidentin köməkçilərinə müraciət etdi
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayaraq avqustun 8-dən etibarən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən bir sıra məhdudiyyətlərin aradan qaldırılacağını bəyan edib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən avqustun 8-dənictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılacaq.
Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir çoxu da bundan əvvəl verilən qərarlarla aradan qaldırılıb. Hazırda bir neçə məhdudlaşdırıcı tətbiq qalıb ki, bunlardan biri də iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməməsidir.
Ancaq mütəxəssislərin fikrincə, ölkədə artıq yoluxma hallarının sayında ciddi azalma olduğundan, eləcə də sıxlığın müşahidə olunduğu kiçik mağazalara, kafelərə, avtobuslara nisbətən daha az təhlükəli olan iri ticarət mərkəzlərinin fəaliyyətinə də icazə verilməlidir. Bu həm də artıq 6 aydan artıqdır işsiz və gəlirsiz qalan, bu üzdən ciddi problemlərlə üzləşən həmin ticarət mərkəzlərinda çalışan sahibkarın, işçilərin də yaşayışının təmin olunması baxımından vacibdir.
“Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi və mərkəzdə çalışan sahibkarlar da bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbəri - Baş Nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müraciətin surəti Operativ Qərargahın üzvlərinə - Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova və Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevə də göndərilib. Müraciətdə bildirilir:
“Hörmətli Baş Nazir!
Möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, o cümlədən sahibkarlığın dəstəklənməsi istiqamətində qəbul edilən qərarlar ölkəmizin iş adamları tərəfindən hər zaman rəğbətlə qarşılanır. Bir neçə aydır davam edən pandemiya şəraitində dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının qorunması, xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlarla yanaşı, geniş sosial-iqtisadi tədbirlərin də həyata keçirilməsi, həmçinin mövcud vəziyyətdə fəaliyyətini dayandırmış sahibkarlara dəstək göstərilməsi dövlətimizin hər bir vətəndaşının yanında olduğunu göstərir və bizdə qürur hissi doğurur.
Biz – iş adamları da görülən bu işlərə və dövlətimizin siyasətinə töhfə verməyə çalışırıq. Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından sonra ölkə başçımızın müvafiq çağırışına qoşularaq Fonda ilk ianə köçürən sahibkarlıq qurumlarından biri “Sədərək” firması olmuşdur.
Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci il 5 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda vətəndaşların yaşayış yerini tərk etməsi və sərbəst hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilmişdir.
Bu qərardan sonra ticarət mərkəzinə gələn alıcı sayı kəskin surətdə artmaqdadır. Nazirlər Kabineti tərəfindən verilən qərara uyğun olaraq, ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar yalnız onlayn satış həyata keçirir. Buna görə də gələn alıcılar ticarət mərkəzinin ərazisinə buraxılmadıqda müəyyən narazılıqlar yaranır. Eyni zamanda elektron keçid məntəqələrində yüzlərlə avtomobillin yığışması böyük tıxacların yaranmasına səbəb olur. Ticarət mərkəzində fəaliyyət göstərən minlərlə sahibkarın mövsümi mallarını satışa çıxara bilməməsi onların maddi rifah halına da mənfi təsir etmişdir.
Bütün bunları nəzərə alaraq, tədris ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-nə kimi ticarət mərkəzi ərazisində sahibkarların pərakəndə satış həyata keçirməsinə icazə verilməsi məsələsinə baxılmasını Sizdən xahiş edirik. Ümidvarıq ki, bu məsələnin müsbət həll olunmasında dəstəyinizi əsirgəməyəcəksiniz.
Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin Operativ Qərargah tərəfindən təsdiq olunan bütün sanitar-epidemioloji qaydalara riayət olunmasını “Sədərək” firması olaraq daima nəzarətdə saxlayacağıq. Bu çətin günlərdə bizə göstərilən qayğıya görə bir daha minnətdarlığımızı bildiririk.
Hörmətlə,
“Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi və mərkəzdə çalışan sahibkarlar”