Türkiyənin ikinci "Fərqani" peyki orbitə buraxılıb - VİDEO
Türkiyənin Fərgani Kosmik Texnologiyaları şirkətinin milli imkanlarla hazırladığı "FGN-100-D2" peyki bu səhər ABŞ-nin "Cape Canaveral" bazasından uğurla orbitə göndərildi. 510 kilometr yüksəklikdə fəaliyyət göstərəcək peyk hər gün 15 dəfə Yer kürəsini dövr edəcək və gələcəkdə qurulacaq “Uluğ Bey Qlobal Naviqasiya Sistemi”nin əsasını təşkil edəcək.
Qeyd edək ki, Fərgani Kosmik Texnologiyaları "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən təsis edilib. "FGN-100-D2" şirkətin "Konumlandırma Peyk Qrupu Layihəsi" çərçivəsində həyata keçirilən ikinci addımdır. Peyk "SpaceX"-in "Bandwagon-4" missiyası ilə kosmosa buraxılıb və 74 dəqiqə sonra hədəf orbitinə yerləşərək ilk siqnallarını ötürüb.
104 kiloqram ağırlığında olan peyk, orbitə yerləşdikdən dərhal sonra ilk telemetri məlumatlarını ötürərək fəaliyyətinə rəsmi şəkildə başlayıb.
Bu barədə açıqlama verən Selçuk Bayraktar deyib:“Fərgani Kosmik təşəbbüsümüzün ikinci peyki FGN-100-D2 uğurla kosmosa çatdı. Bu peyk, inşa edəcəyimiz Uluğ Bey Qlobal Naviqasiya Sistemi üçün 100 kiloqram sinfində bir sınaq modelidir. 2022-ci ildə fəaliyyətə başlayan Fərgani, hazırda 135 mühəndis və mütəxəssislə yoluna davam edir. Bütün peyklərimizi öz resurslarımızla hazırlayırıq. Peykimizin 5–7 il müddətində fəaliyyət göstərməsi planlaşdırılır".
Bayraktar həmçinin şirkətin uzunmüddətli hədəflərini açıqlayaraq qeyd edib:“Məqsədimiz 5 il ərzində 100-dən çox peykdən ibarət sistem qurmaq və Türkiyə ilə dost ölkələrə müstəqil şəkildə xidmət göstərən Uluğ Bey Qlobal Naviqasiya Sistemini reallaşdırmaqdır”.
Press-fakt




















