"Rusiya bütün qüvvələrini bu iki şəhəri ələ keçirməyə yönəldib - ISW
ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatına görə, Rusiya ordusu diqqətini Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsinə yönəldib, Konstantinovka istiqamətindəki hücumların intensivliyini isə azaldıb.
ISW analitikləri bildirir ki, rus qoşunları Pokrovsk və onun ətrafında hücum əməliyyatlarını gücləndirərək şəhəri tam nəzarətə götürməyə və Ukraynanın bu istiqamətdəki müdafiəsini məhv etməyə çalışır.
Qeyd olunur ki, 1 noyabrda yayılan videolarda rus qüvvələrinin Pokrovskun cənub-şərqində irəlilədiyi görünür. 2 noyabr tarixli görüntülərdə isə Ukrayna qüvvələrinin Pokrovskun şimalında iki rus əsgərinə zərbə endirdiyi qeyd olunur. ISW ekspertlərinin qiymətləndirməsinə görə, bu, kiçik əməliyyat olub və ərazi nəzarətinə ciddi təsir göstərməyib.
Rus hərbi bloqerləri iddia edirlər ki, rus qoşunları Pokrovskun şimal-şərqinə, mərkəzinə və cənub hissəsinə, eləcə də Mirnoqradın şimal və cənub-şərqinə, həmçinin Hnatovka və Roq kəndlərinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda, onların məlumatına görə, Ukrayna ordusu Zatışke (Pokrovskun şimal-şərqi) istiqamətində bəzi mövqeləri geri alıb.
Press-fakt




















