Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq?- Yeni qaydalar
Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi qulluqçuların pensiya təyinatının yeni qaydada aparılması ilə bağlı məlumat yaydı. Qaydaya görə hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.
Bəs görəsən, bu qaydanın hərbi qulluqçular üçün hansı müsbət tərəfləri var?
İqtisadçı Günay Hüseynova bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçular hansı qurumda çalışmalarından asılı olmayaraq, vahid formada pensiya alacaqlar:
“Yeni qərarın qəbulu, müəyyən sahələrdə tənzimlənmələrin həyata keçirilməsi, sosial- iqtisadi sahə çərçivəsində modernizasiyanın tərkib hissəsi kimi qiymətləndirmək olar. Məhz hərbi quluqçularla bağlı pensiya təminatındakı qərarın qəbulu da, görülən işlər sırasındadır.
Müxtəlif qurumlarda (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və başqaları) çalışan hərbi qulluqçuların pensiya təminatları indiyə qədər daxili qanunlarla tənzimlənirdi. Lakin yeni qərara əsasən, həmin şəxslər üçün də, vahid formada pensiya təminatı yaradılacaq.
Bu qərarın qəbul edilməsi həm vətəndaşlar üçün rahatdır, həm də dövlətin sosial-iqtisadi addımları üçün səmərə təşkil edir”.
İqtisadçı bildirib ki, dövlət büdcəsi hazırlanarkən növbəti il üçün proqnoz verilir:
“Proqnozun tərkibində hərbi sahə üçün ayırılan müəyyən vəsait yer alır. Hərbi sahəyə müxtəlif qurumlar tərəfindən nəzarət, həmçinin o sahədə çalışanların pensiya təminatı ilə bağlı müəyyən prosedurlar olduğundan onları hesablamaq, ərsəyə gətirmək və ya proqnoz vermək müəyyən çətinlik yaradırdı. Vahid sistem yarandığı üçün artıq bu problem də aradan qalxır və iqtisadi modernləşdirmə baş verir.
Əvvəllər sözügedən qurumların müxtəlif şöbələrində çalışan şəxslər sadəcə hərbi qulluqçu adlanırdılar və tabe olduqları qurumun daxili qaydalarına uyğun pensiya və digər ödənişlər alırdılar. Bu isə şəffaflığa kölgə salırdı.
Növbəti illərdə bu proses tənzimlənəcək. Vətəndaşlar hansısa yerlərə sənəd təqdim etmədən, uzun-uzadı proseslərdən keçməyəcək, qısası elektronlaşma ilə vəziyyət daha da şəffaflaşacaq”./lent.az




















