800 min manat mənimsəyən qadına hökm oxunub: 8 İL HƏBS
"Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən həmin şirkətin sabiq baş mühasibi Samirə Zeynalova 8 il müddətə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Belə ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) maddəsi ümumi ittihamdan xaric edilib.
Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə üzrə Samirə Zeynalovaya cəza təyin olunmayıb.
İttihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək həmin şəxslərin adına bank hesabları açıb və sözügedən MMC-yə məxsus 802 min 429 manat pulu onların hesablara köçürərək mənimsəyib.
Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.





















