QİYMƏT İNFLYASİYASI: Ali təhsildə GÖRÜNMƏZ, amma DƏRİN PROBLEM - Professorun YAZISI
Prof. Zahid Fərrux Məmmədov
Ali təhsil sisteminin dayanıqlığı təkcə universitetlərin infrastrukturundan və proqramlarının məzmunundan deyil, həm də qiymətləndirmə mədəniyyətindən asılıdır. Son illərdə isə bu mədəniyyətin ən zəif halqalarından biri getdikcə daha çox müzakirə olunur - qiymət inflyasiyası.
Bu anlayış iqtisadiyyatdan götürülüb: necə ki, pul inflyasiyası nəticəsində milli valyutanın dəyəri azalır, eləcə də qiymət inflyasiyası tələbə ballarının reallıqdan uzaqlaşması, yəni akademik “valyutanın” dəyərdən düşməsi deməkdir.
Qiymətlərin artımı - biliklərin artımı demək deyil
İlk dəfə qiymətlərin süni şəkildə yüksəldilməsi haqqında Qərb universitetlərində hələ ötən əsrin 70-ci illərində danışılmağa başlanmışdı. Həmin dövrdən etibarən orta qiymətlərin illər üzrə sabit şəkildə artması müşahidə edilir, halbuki tələbələrin faktiki bilik səviyyəsi dəyişmir.
Bu tendensiya artıq postsovet məkanında, o cümlədən Azərbaycan ali təhsil sistemlərində də özünü göstərir. Statistik müşahidələr göstərir ki, tələbələrin ümumi orta balları yüksəlir, lakin bu yüksəliş çox vaxt onların real elmi nailiyyətlərini əks etdirmir.
Sovet ali təhsil sistemində qiymətləndirmə prinsipləri - bilik, zəhmət və məsuliyyət ölçüsü idi
Təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri qiymətləndirmə mədəniyyətidir. Lakin bu mədəniyyətin tarixi inkişafına baxdıqda, aydın olur ki, qiymət anlayışının özü də dövrlər üzrə dəyişib.
Sovet ali təhsil sistemində qiymətləndirmə prinsipləri ciddi və sərt idi. Universitet qruplarında “əlaçı” adını qazanmaq çox çətin idi. Bəzən 25–30 nəfərlik qrupda cəmi 1–2 nəfər “əla” qiymətlərlə məzun olurdu. Bu, həm müəllimlərin yüksək tələbləri, həm də obyektiv qiymətləndirmə mədəniyyətindən irəli gəlirdi.
Həmin dövrdə qiymətin tək funksiyası tələbəni motivasiya etmək deyil, bilginin səviyyəsini real ölçmək idi. Məsələn, müəllim tələbəni qiymətləndirərkən onun bilik dərinliyinə, təhlil qabiliyyətinə, məntiqinə və elmi üslubuna əsaslanırdı. Tələbə həm kurs işlərində, həm də imtahanlarda ciddi müzakirədən keçirdi.
“Əlaçı” olmaq həm müəllimlər, həm də tələbələr üçün ciddi reputasiya məsələsi idi
Bugünkü ali təhsil mühitində vəziyyət fərqlidir. Universitetlərdə tələbələrin ümumi qiymət göstəriciləri əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bəzən qrupda “əlaçı” tələbələrin sayı yarıdan çox olur.
Bu, ilk baxışda təhsilin inkişafı kimi görünə bilər, lakin əslində bu dinamika qiymət inflyasiyası fenomeninin təzahürüdür — qiymətlərin artması, lakin bilik keyfiyyətinin eyni səviyyədə qalmaması.
Sovet dövrünün sərt qiymətləndirmə sistemi bu gün üçün əlbəttə ki, ideal model deyil. Lakin o dövrün bir üstünlüyü var idi — qiymətin mənəvi və elmi çəkisi. Bu gün ali təhsil sistemi üçün əsas çağırış bu çəkini bərpa etməkdir, amma müasir şəraitə uyğun formada.
Yəni məqsəd sərtlik deyil, ədalətli və şəffaf qiymətləndirmədir. Qiymət tələbənin biliyini əks etdirməli, müəllimin iş yükü isə onun obyektiv qərar vermə imkanını məhdudlaşdırmamalıdır.
Əgər sovet dövründə “əlaçı” olmaq real akademik nailiyyətin göstəricisi idisə, bu gün “əla” qiymət almaq çox vaxt sadəcə prosedur nəticəsidir. Lakin qiymət yalnız rəqəm deyil — o, akademik reputasiyanın göstəricisidir.
Qiymət inflyasiyası problemi ilə üzləşən hər bir universitet — əslində bir sualla qarşı-qarşıyadır: biz tələbəyə bilik veririk, yoxsa sadəcə diplom?
Müəllimlərin akademik yükü - əsas səbəblərdən biri
Rusiyalı tədqiqatçıların apardığı bir araşdırma (Forbes Education tərəfindən yayımlanıb) bu hadisənin az nəzərə alınan, lakin mühüm səbəbini aşkarlayıb — müəllimlərin yüklənməsi.
Sankt-Peterburq Ali İqtisad Məktəbinin 2018–2021-ci illər üzrə məlumatları təhlil olunarkən müəyyən edilib ki, müəllim nə qədər çox kurs aparır və nə qədər çox tələbəni qiymətləndirməli olur, həmin fənn üzrə orta qiymət bir o qədər artır. Hər əlavə tələbə ortalama 0,007 bal fərq yaradır. Bu kiçik fərq böyük axınlarda (məsələn, 500 nəfərlik qrupda) üç ballıq (10 ballıq sistemdə) hipotetik artıma gətirib çıxara bilər.
Bunun səbəbi aydındır: çoxsaylı tələbələrin işlərini təhlil etmək və fərdi yanaşma göstərmək üçün vaxt çatmır. Müəllim qiymətləri bir qədər “yumşaldaraq” həm öz yükünü azaldır, həm də tələbə narazılığının qarşısını almağa çalışır.
Təcrübə, kurs tipi və akademik reputasiya
Tədqiqat göstərir ki, müəllimlərin təcrübəsi və fənnin tipi qiymətləndirmə nəticələrinə əhəmiyyətli təsir göstərir.
Təcrübəli müəllimlər adətən daha sərt və obyektiv qiymətləndirirlər. Onlar dərs prosesini rasional planlaşdırır, tələbələrin bilik səviyyəsini daha dəqiq müəyyən edirlər.
Əksinə, gənc və ya yeni fənn tədris edən müəllimlər çox vaxt qiymətləri şüuraltı şəkildə yüksəldirlər, çünki bu, konfliktlərdən yayınmağın və tələbə məmnuniyyətini “süni” təmin etməyin asan yoludur.
Məcburi fənlərdə qiymətlər adətən daha yüksək olur, çünki bu fənlər üzrə yekun orta bal tələbənin diplom göstəricisinə təsir edir. Fakültativ kurslarda isə, xüsusilə öz reputasiyasına önəm verən təcrübəli müəllimlər daha tələbkardır.
Qiymət inflyasiyasının mənfi təsirləri
Bu problem təkcə universitetin daxili məsələ deyil, həm də ali təhsilin ümumi keyfiyyətinə və iqtisadi dəyərinə təsir göstərən struktur faktordur.
Birincisi, diplomların etibarlılığı azalır. Əgər demək olar ki, bütün tələbələr yüksək bal alırsa, işəgötürən üçün bu göstəricinin differensial dəyəri itir. Nəticədə “əlaçı” və “zəif” tələbə arasında fərq görünməz olur.
İkincisi, sosial ədalətsizlik dərinləşir. Əgər bəzi universitetlər və ixtisaslar qiymətləri daha çox şişirdirsə, onların məzunları əmək bazarında əsassız üstünlük əldə edirlər. Bu, həm təhsil, həm də iqtisadi sahədə bərabər imkan prinsipini pozur.
Məsələnin həlli yolları
Qiymət inflyasiyasını azaltmaq üçün universitetlər həm təşkilati, həm də metodik səviyyədə tədbirlər görməlidirlər.
1.Akademik yükün optimallaşdırılması. Dərs yükünün bərabər paylanması, xüsusilə gənc müəllimlər üçün, qiymətləndirmənin obyektivliyini artırır.
2.Qrup və kurs sayına nəzarət. Müəllim eyni zamanda çoxsaylı fənlər və yüzlərlə tələbə ilə işləməməlidir.
3.Qiymət paylanmasının monitorinqi. Universitet rəhbərliyi mütəmadi şəkildə fənlər üzrə qiymət dinamikasını analiz etməli, normadan kənara çıxmaları izləməlidir.
4.Vahid qiymətləndirmə meyarları. Bütün fakültələrdə tətbiq olunan aydın və şəffaf qiymətləndirmə sistemi subyektiv yanaşmaları azaldır.
Akademik dürüstlük - keyfiyyətin əsası
Qiymət inflyasiyası görünməz, lakin dərin köklərə malik problemdir. Onun aradan qaldırılması yalnız tədris keyfiyyətini deyil, həm də ali təhsilin reputasiyasını qorumağa xidmət edir.
Əgər qiymətlər real bilikləri əks etdirmirsə, universitetin elmi nüfuzu, tələbənin əməyi və diplomun dəyəri zərbə alır. Buna görə də ali təhsildə ədalətli və şəffaf qiymətləndirmə prinsipləri yalnız idarəetmə məsələsi deyil, həm də akademik etika və milli intellektual kapitalın qorunması məsələsidir.
Əgər qiymət yalnız formal göstəriciyə çevrilirsə, universitet tədricən intellektual keyfiyyətin deyil, kəmiyyətin simvoluna dönür. Ədalətli qiymətləndirmə isə universitetin ən dəyərli kapitalıdır - onun akademik reputasiyası.





















