“ÇAŞDIRICI MƏLUMATLAR YAYIRLAR...”- Nazir Azərbaycanda yeni vergi təşviqlərini AÇIQLADI
“Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Bu layihədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi o cümlədən Naxçıvan MR-də fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştlərin verilməsi və s. kimi təkliflər nəzərdə tutulub”.
Press-fakt “qafqazinfo"ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir Azərbaycanın qeyri-neft-qaz özəl sektorda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təklifləri təqdim edib.
“Həmçinin nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur.
Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir, biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib. Belə ki, özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrinin sayı 471 min manat artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır”, - deyə nazir əlavə edib.
Cabbarov qeyd edib ki, bunun fonunda 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 %-dən 17,5 %-ə enib
Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb: "Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir".
M. Cabbarov bildirib ki, vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib:
Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki;
-investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi təklif olunur;
-nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması planlaşdırılır;
-balıqyetişdirmə fəaliyyəti kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur;
-nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması təklif edilir.
-Bununla yanaşı, ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılacaq".
Press-fakt





















