Ermənistan Azərbaycana təşəkkür edib - Buğda Azərbaycan ərazisindən daşınır
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib.
Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan "Armenpress"ə bildirib.
O qeyd edib ki, yaxın zamanda buğda daşıyan qatar Ermənistana çatacaq.
Xatırladaq ki, bir neçə həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda keçirilən tədbirdə Ermənistana yönələn yüklərin tranzit qadağasının ləğv edildiyini bəyan etmişdi.
Bundan təxminən on gün əvvəl isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Rusiya və Azərbaycan bu məsələni müzakirə edib və Bakı rus məhsullarının Ermənistan istiqamətində daşınmasına icazə verməyə hazır olduğunu təsdiqləyib.
“Hazırda ‘Rusiya Dəmir Yolları’ şirkəti regional tərəfdaşları ilə birlikdə bu daşımaların təşkili məsələlərini müzakirə edir,” – deyə rusiyalı rəsmi qeyd etmişdi.
Beləliklə, Azərbaycan üzərindən tranzit daşımaların bərpası regionda iqtisadi əlaqələrin mərhələli şəkildə normallaşmasının növbəti göstəricisi hesab olunur.
Press-fakt





















