Belarus Navalnı barədə Berlinlə Varşava arasındakı danışıqların səs yazısını yayımladı -
Siyasi qalmaqal
Belarus telekanalı ONT Aleksey Navalnının "zəhərlənməsi" haqda Varşava ilə Berlin arasında Belarus xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş söhbətin səs yazısını yayıb.
“Sputnik-Belarus” bildirir ki, söhbət Belarus Prezidenti Lukaşenkonun Rusiyanın Baş naziri Mixail Mişustinə danışdığı məsələdən gedir.
Telekanalın efirindən bildirilib ki, səs yazısı və onun deşifrə edilmiş variantı Rusiya Federal Təhlükəsizlik Xidmətinə verilib.
İddiaya görə, Varşava və Berlində olan abonentlər arasındakı danışığın deşifrəsindən belə çıxır ki, söhbət “Navalnı ilə bağlı materialların hazırlanmasından” gedir.
Berlindən olan abonent deyir: "Onlar hazırdır və Kansler administrasiyasına veriləcək. Onun bəyanatını gözləyirik".
Varşavadan siyasətçiinin zəhərlənməsinin dəqiq təsdiqlənib-təsdiqlənmədiyi barədə suala Berlindən belə cavab verirlər: "Qulaq as, Mayk, indiki halda bu o qədər də əhəmiyyətli deyil... Müharibədə bütün vasitələr məqbuldur".
Varşavadan olan abonent deyir: “Razıyam. Putini Belarusdakı işlərə burnunu soxmaqdan çəkindirmək lazımdır... Ən təsirli yol onu Rusiyanın öz problemlərində boğmaqdır".
Polşa paytaxtından olan abonent Belarusdakı işlərinin yaxşı getmədiyini də etiraf edir: “Prezident Lukaşenko “bərk qoz” çıxdı. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər də Prezidentə sadiqdirlər".
Televiziya kanalının təqdim etdiyi söhbət abonentlər tərəfindən ingilis dilində aparılır.
Xatırladaq ki, sentyabrın 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Baş naziri Mixail Mişustinə Belarusun Varşava ilə Berlin arasındakı telefon danışıqlarını ələ keçirdiyini açıqlamışdı. O qeyd etmişdi ki, bu danışıqlar Almaniya Kansleri Angela Merkelin Aleksey Navalnı ilə bağlı açıqlamasının saxta olduğunu sübut edir və yaxın gələcəkdə Belarus məlumatları FTX-yə göndərəcək.
Elə həmin gün Almaniyanın Nazirlər Kabineti Belarus liderinin sözlərinə reaksiya verərək, onların həqiqətə uyğun olmadığını bəyan etdi. Kreml isə öz növbəsində, Lukaşenkonun bəyanatına şərh verməyərək, məlumatların təhlil edildiyini bildirdi.