“Bütün dünyada biabır olduq...”-
Həkim Qriqoryan ermənistanda koronavirus statistikası haqda
Ermənistanda səhiyyə təşkilatçısı, həkim Gevorq Qriqoryan ölkəsinin hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada birinci yerdə olmasını rüsvayçılıq adlandırıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həkim Ermənistan hökumətinin virusa qarşı mübarizəsinin tamamilə iflasa uğradığını deyib.
Bu günlərdə statista.com portalı Ermənistanın hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada lider olduğunu açıqlayıb. Belə ki, Ermənistanda hər yüz min adama düşən xəstələrin sayı 1490.16-dır.
“Koronavirusla mübarizənin tam iflasa uğradığı haqda mən hələ aprelin ortalarında , fövqəladə vəziyyət rejiminin uzadılmasına baxmayaraq yoluxanların sayının artmaqda olduğu vaxtlarda danışmışdım. Bizim hökumətin koronavirusla mübarizəsinin iflasa uğraması faktdır, müzakirə olunmur. Problem odur ki, biz səhiyyə sistemimizlə birlikdə beynəlxalq ictimaiyyət qarşısında biabır olmuşuq”,-Qriqoryan deyib.
Səhiyyə eksperti əlavə edib ki, Ermənistan dörd qonşusundan ikisi ilə sərhədlərinin bağlı olduğu halda öz sərhədlərini koronavirusdan qoruya bilməyib, eyni zamanda virusun bu cür geniş yayılmasının qarşısını almaqda aciz qalıb. Onun sözlərinə görə, virusa qarşı mübarizə tədbirlərini hələ yanvar ayında, Ümumdünya Səhiyyə Təşkilatı virusun insandan insana ötürüldüyü barədə bəyanatından dərhal sonra görmək, sərhədləri bağlamaq, ölkəyə qayıdan turistləri karantində yerləşdirmək lazım idi.
“Ancaq bizim səhiyyə sisteminin rəhbərləri başda nazir Arsen Torosyan, xəstəliklərə nəzarət və profilaktika üzrə Milli mərkəzin rəhbərliyi olmaqla birbaşa efirdə bildirdilər ki, karantin effektiv deyil, sərhədləri bağlamaq düzgün deyil ə s. Onlar öz addımları ilə virusun ölkəyə keçməsi ilə mübarizəni iflasa uğratdılar”,-G.Qriqoryan bildirib.
Həkim baş nazir Paşinyanın hərəkətlərini də xatırladıb. Deyib ki, ölkə rəhbəri virusla mübarizə tədbirləri görmək əvəzinə həmin vaxt təbliğat kampaniyası aparırdı və koronavirusa evdə çəkilmiş araqla qalib gəlməyin mümkünlüyü haqda danışırdı. “Biz koronavirusla mübarizəni kompleks şəkildə iflasa uğratdıq”,-Qriqoryan əlavə edib.
Sentyabrın 5-nə olan məlumata görə Ermənistanda 44.649 nəfər virusa yoluxub, onlardan 895 nəfəri ölüb.