Maliyyə Sabitliyi Şurası ləğv edildi -
İqtisadi Şura yaradıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi Daxili Məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.
Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.