DEMOQRAFİK FƏLAKƏT –
Qız uşaqlarının sayı kəskin azalır...
Azərbaycan dünyada Çindən sonrakı yeri tutur...
BMT-nın Əhali Fondunun iki il əvvəl təqdim etdiyi hesabata görə, 50 il sonra Azərbaycanda qız uşaqlarının sayı kəskin azalacaq. Bu da ölkədə demoqrafik vəziyyəti kritik hala gətirəcək. Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra 2-ci yeri tutur.
Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə 100 qıza 105-107 oğlan düşməlidir.
Hazırda bu nisbət 100-112-dir. Mənfi tendensiya 2018-ci ilin statistikasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, həmin ilin 11 ayı ərzində (yanvar-noyabr) 127 681 uşaq dünyaya gəlib. Körpələrin 53,4 faizini oğlan, 46,6 faizini isə qız uşaqları təşkil edib.
“Oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının selektiv abort yolu ilə yox edilməsi davam edərsə, gələcəkdə cins nisbəti balansına mənfi təsirini göstərəcək”, - deyə hesabatda qeyd olunub.