BMT-nin Baş katibi:
"Heç birimiz təhlükəsizlikdə olmayacağıq"
BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə axşamı Baş Assambleyanın 75-ci yubiley sessiyasının ən əhəmiyyətli seqmenti olan ümumi siyasi diskussiyasını açaraq deyib: “Baş Assambleyanın zalı qəribə mənzərəni ifadə edir, amma pandemiya ilə əlaqədar bu gün bizim görüşümüzün rolu həmişəkindən daha vacibdir”.
BMT-nin rəhbəri hesab edir ki, son aylar ərzində dünyada həqiqi liderlik nümunələri nümayiş etdirilib, lakin söhbət heç də iqtidarda olanlar barədə getmir. Bəşəriyyətə qarşı təhdidləri aradan qaldırmaq üçün ilk növbədə ilin sonunadək dünyadakı qarşıdurmaları dayandırmaq lazımdır. “Pandemiya zamanı qarşıdurmada yalnız bir qalib var: virusun özü”, - deyə Baş katib vurğulayıb.
Beynəlxalq təşkilat COVID-19-dan dərman vasitələrinin və bu infeksiyaya qarşı peyvəndin planetin hər bir sakini üçün əlçatan olmasına çalışır. BMT-nin Baş katibi xəbərdarlıq edib ki, “vaksin millətçiliyi” ölkələr təkbaşına fəaliyyət göstərəndə və yalnız öz əhalisini peyvənd etdirmək haqda düşünəndə “təkcə ədalətsiz deyil, həm də uğursuzluğa məhkumdur”.
“Gəlin danışdığım o beş atlıya qalib gələk və ehtiyacımız olan dinc, əhatəli və davamlı dünyanı quraq. Pandemiya bizə çox şeyin seçimimizdən asılı olduğunu öyrətdi”, - deyə BMT katibi qeyd edib.