Rusiya ABŞ-a “seçkilərə qarışmamaq paktı” təklif edib -
Putin Vaşinqtonu saziş imzalamağa çağırır
Rusiya prezidenti Vladimir Putin Moskva və Vaşinqton arasında bir-birlərinin seçkilərinə kibermüdaxilə edilməməsi barədə yeni sazişin imzalanmasına çağırıb. Putin sentyabrın 25-də verdiyi bəyanatda deyib ki, Rusiya və Birləşmiş Ştatlar arasında kiberfəzada insidentlərin qarşısının alınması üçün razılaşmaya ehtiyac var.
Putinin bu bəyanatından əvvəl ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın noyabrın 3-də keçiriləcək Amerika seçkilərinə müdaxiləyə çalışdığını bildirmişdi. Bu da qeyd olunur ki, bu, Moskvanın ABŞ seçkisinə ilk müdaxilə cəhdi deyil.
ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya 2016-cı il ABŞ prezident seçkisinə namizəd Donald Trampa dəstək və onun rəqibi, demokrat Hillari Klintonun gözdən salınması məqsədilə müdaxilə cəhdləri edib. Moskva bu ittihamları rədd edir.
Tramp hazırda ikinci müddətə prezident seçilmək üçün demokrat Co Baydenlə yarışdadır. Rusiya noyabrın 3-də keçiriləcək ABŞ prezident seçkisinə müdaxiləyə çalışmadığını bildirib.
Putin deyib ki, zəmanəmizin ən böyük strateji problemlərindən biri də rəqəmsal sferada genişmiqyaslı qarşıdurmadır. Rusiya prezidenti bildirib ki, Moskva informasiya və kommunikasiyalar sahəsində münasibətlərin yenidən qurulması üçün Vaşinqtona bir daha müraciət edib.
“Facebook” sentyabrın 24-də bildirmişdi ki, o Rusiya kəşfiyyatına bağlı olduğu düşünülən saxta hesabların 3 şəbəkəsini bloklayıb. Sosial media şirkəti bəyan etmişdi ki, bu şəbəkələr qarşıdan gələn ABŞ seçkisini pozmaq məqsədilə hakerlik yolu ilə oğurlanmış sənədləri sızdırmaq üçün yaradılıb.
“Facebook” qeyd edirdi ki, saxta kimliklərdən istifadə səbəbilə bağlanmış hesablar Rusiya kəşfiyyatı və Sankt Peterburqdakı “troll fabriki” ilə bağlıdır. Rəsmi adı İnternet Tədqiqatları Agentliyi olan bu qurum 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham olunub.
“Microsoft” iki həftə bundan əvvəl bildirmişdi ki, Rusiya, İran və Çinə bağlı hakerlər həm Tramp, həm də Baydendən casusluq etməyə çalışırlar. Rusiya və Çin bu ittihamları rədd edib.
“Reuters” agentliyi sentyabrın 9-da bildirmişdi ki, “Microsoft” Baydenin seçki kampaniyasının əsas məsləhət firmlarından birinə Rusiya dövlətinə bağlı hakerlər tərəfindən hədəflənməsi barədə xəbərdarlıq etmişdi. Kreml bu xəbəri cəfəngiyyat adlandırmışdı.