“Ermənistana bir ay vaxt verilməlidir”-
"BMT, ATƏT Azərbaycanla yox, Ermənistanla danışmalıdır..."
Oktyabrın 1-də ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin (ABŞ, Fransa və Rusiya) prezidentləri birgə bəyanat yayaraq hərbi əməliyyatları dayandırmağa, ilkin şərtlər irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar. Oktyabrın 29-da isə BMT Təhlükəsizlik Şurası oxşar çağırışla çıxış etmişdi.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov mövzu ilə bağlı "Turan" agentliyinə bəyanatı şərh edərkən, bu münaqişənin 30 ildən artıqdır davam etdiyini xatırladıb:
"Odur ki, istər BMT-nin, istər ATƏT-in Minsk qrupunun hərbi əməliyyatlar başladıqdan sonra bu barədə danışmaları düşündürücüdür. Halbuki, 27 il bundan öncə, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrin tələbləri daxilində işğalçı qoşunların işğal edilmiş Azərbaycan rayonlarından dərhal çıxarılması da yer alır".
Deputat sonra da deyib: "Biz nəyi dayandıraq? 30 il dözdüyümüz ədalətsizliyi yenidən yaşayaq?..." Onun fikrincə, yalnız işğalçı tərəf işğaldan əl çəkdiyini bəyan etsə, qoşunlarını Azərbaycandan çıxarsa, onlarla danışmaq olar.
Politoloq Zərdüşt Əlizadə isə "Azadlıq" radiosuna deyib ki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin prezidentlərinin müraciəti mənasızdır. Onun fikrincə, ATƏT-in Minsk Qrupunun və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin prezidentləri kimi, onlar Ermənistan tərəfi ilə danışmalıdırlar:
"Onlar Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı dörd qətnaməsində təsbit olunan hüquqlarını tanımağa, qoşunlarını işğal etdiyi xarici dövlətin ərazisindən çıxarmağa vadar etməlidirlər. Məsələnin həllinə, Ermənistan tərəfinə bir ay vaxt qoymalıdırlar". O hesab edir ki, indi baş verənlər Azərbaycanın əl-qolunu bağlamaq və ona ədalətsiz münasibətdir.