“Vaqner”in sahibi Türkiyəni müdafiə etdi:
"Münaqişəni amerikalılar qızışdırır"
Türkiyə mətbuatında Ermənistanın Azərbaycana qarşı edilən hücumları ilə yanaşı Rusiyanın bu məsələdə mövqeyi də müzakirə olunur.
Avropa.info xəbər verir ki, Türkiyənin “Aydınlıq” qəzeti məsələ ilə bağlı Rusiya özəl təhlükəsizlik şirkəti “Vaqner”in sahibi kimi tanınan peterburqlu biznesmen Yevgeni Viktoroviç Priqojinə müraciət edib. Priqojin qəzetin suallarına yazılı şəkildə cavab verib:
“Türklər Ermənistan sərhədini keçmədikcə hüquqi olaraq Qarabağ münaqişəsinə tam müdaxilə etmək hüququna malikdirlər. Ermənistan uzun illər ərzində Dağlıq Qarabağda münaqişəni dayandırmaq imkanına malik idi, belə ki, Rusiya onu danışıqlar masasına oturtmuşdu. 2018-ci ildə baş verən “narıncı inqilab”dan sonra, yəni Paşinyanın hakimiyyətə gəlməsi ilə xeyli sayda amerikan QHT-i Ermənistan ərazisinə gəldi. Problemin kökü buradadır. Münaqişəni amerikalılar qızışdırır.
Əgər türklərin mövqeyindən danışsaq, Türkiyə rəhbərliyinin nə qədər sürətli və qəti qərarlar verməsinə ancaq həsəd apara bilərik. Mən hazırda Ərdoğanı ciddi şəkildə tənqid edəcək səbəb görmürəm. Belə ki, mövqeyi təcavüzkar mövqe kimi görünmür, nə edirsə xalqının milli maraqları çərçivəsində edir. O halda tam haqqı var”.