DÜŞMƏN GƏNCƏNİ VURDU -
Yaşayış binaları dağılıb, ölənlər və yaralananlar var /FOTOLAR
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Nəticədə bir neçə sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, infrastruktura külli miqdarda ziyan dəyib. Ölənlərin olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.