Pandemiya 150 milyon adamı tam kasıblığa sürükləyəcək
“Son 20 ildə ilk dəfə dünyada kasıblıq həddində yaşayanların sayı çoxalacaq. Xüsusilə iki bölgə koronavirus pandemiyasından əziyyət çəkəcək”. Musavat.com xəbər verir ki, bunula bağlı “Die Welt” qəzetində məqalə yazılıb.
Qəzetdə yazılana görə, Dünya bankının hesablamalarına əsasən, bu il baş verən böhran 150 milyon insanı dəhşətli aclıqla üz-üzə qoyacaq.
Ümumdünya bankının rəhbəri Devid Malpass dünya əhalisinin 1,4%-nin çox zərər görəcəyini söyləyib.
“1990-cı illərdən başlayaraq mütləq kasıblıq həddində yaşayan insanların sayı 35%-dən 8,4%-ə qədər düşmüşdü. Bu isə əsasən Çinin, o cümlədən Hindistan və İndoneziyanın iqtisadi inkişafı ilə bağlı olub. İndi isə Dünya bankının proqnozlarına əsasən iqtisadi göstəricilərin 5% azalması fonunda bu rəqəm gələn ilə qədər 9,1%-ə qədər qalxacaq”, - deyə yazıda qeyd olunur.
Bunu rəqəmə çevirsək 2020-ci lin sonuna qədər gündə 1,9 dollara yaşamaq məcburiyyətində qalan insanların sayı 60-87 milyon nəfər artacaq. 2021-ci ilin sonuna qədər isə bu rəqəm 111-150 milyon arasında olacaq.
Xüsusilə əsas zərbə Afrikada Böyük Səhradan cənuba və Cənubi Asiyaya dəyəcək. Dünyada ən kasıbların 90%-i məhz bu bölgələrdə yaşayır. Afrikanın bəhs edilən bölgəsində planetimizin 20 ən kasıb dövləti yerləşir. Burada insanların 40% gündə 1,9 dollara, 70%-i isə 3,2 dollardan az vəsaitlə yaşamağa məhkumdur.
“Beləliklə pandemiya kasıblar və varlılar arasında uçurumu daha da artıracaq və bölgələr arasında dəhşətli qeyri-bərabərlik yaranacaq”,- deyə Devid Malpass təəssüflə qeyd edib.