"BMT qətnamələri icra olunmayana qədər vasitəçilik nəticə verməyəcək”-
Keçmiş səfir
“Dağlıq Qarabağ böhranının həllində Azərbaycan Respublikasının işğal olunmuş 7 rayonu girov qismindədir”.
IRNA xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
“Rəsmi Bakının bu 7 rayonu işğaldan azad etmək hüququ var”, – deyə eks-səfir əlavə edib.
Möhsün Pakayinin sözlərinə görə, “qalıcı bir sülhə gətirib çıxaracaq davamlı atəşkəs razılaşması əldə etmək üçün hər iki tərəfin nə edə biləcəyini görmək qalır”.
O bildirib: “Ermənistan Azərbaycan Respublikasının 7 rayonunu bufer zonası kimi işğal edib və işğal bu günə qədər davam edir. Bu məsələ həll olunmayana qədər münaqişə nizamlanmayacaq və toqquşmalar davam edəcək. Müvəqqəti atəşkəs elan oluna bilər, lakin bu davamlı sülhə səbəb olmayacaq. Əslində, atəşkəs yenidən müharibəyə və qarşıdurmaya hazırlıqdır”.
İranlı diplomat Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada 10 saat davam edən danışıqlarının nəticəsi ilə bağlı deyib: “Azərbaycan xalqı atəşkəsdən narazıdır. Çünki 7 rayonun işğalı 1 milyon insanın didərgin düşməsinə səbəb olub və xalq öz torpağına qayıtmaq istəyir”.
“BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayana qədər digər ölkələrin vasitəçiliyi nəticə verməyəcək”, – deyə keçmiş səfir əlavə edib./strateq.az