Putindən ermənilərə sərt "şapalaq" -
"Azərbaycan əraziləri sonsuzadək işğalda qala bilməz"
Rusiya Prezidenti Vladimir Putin “Valday klubu”nun iclasında çıxışında erməniləri növbəti dəfə məyus edib.
Türkiyəni güvənilir tərəfdaş adlandıran, Prezident Ərdoğanın müstəqil siyasət yürütməsini tərifləyən Putin Qarabağda müharibənin də baş vermə səbəbinin Azərbaycan torpaqlarının uzun müddətdir işğalda qalması ilə bağlı olduğunu bildirib.
"Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz" - deyə Putin bildirib.
Yəni, Putin diplomatik şəkildə qeyd edib ki, Azərbaycan əraziləri sonsuzadək işğalda qala bilməzdi.
Daha sonra ad çəkməsə də, danışıqların nəticəsiz bitməsinə görə Ermənistanı ittiham edib.
"Biz problemin həlli üçün ən müxtəlif variantla təklif etmişik. Hər dəfə son anda nəticə əldə etmək olmayıb"- deyə Putin bildirib.
***
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.
"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib
Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".
"Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək" -deyə apa-nın məlumatına görə, Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib .
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.