Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq - YENİLƏNİB
Səfirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.
Danışıqlar zamanı Cahangir Əsgərov bildirib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.
2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov, beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.
Görüşdə həmçinin qeyd olunub ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.
***
Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında məlumat verib.
“Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”,- deyə səfir qeyd edib.