Paşinyan: "Çox ağır qərar verdim, sənədə imza atdım..."- "Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım”
“Əziz həmvətənlər, bacılar və qardaşlar. Özüm üçün və hamımız üçün çox çox çətin bir qərar verdim. Qarabağ müharibəsinin 01:00-da bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim və xalqımız üçün ifadə olunmayacaq dərəcədə ağrılıdır”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.
“Bu qərarı hərbi vəziyyətin dərin təhlili və vəziyyəti ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim. Bu qərar həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunları yaxın günlərdə sizə ətraflı izah edəcəyəm.
Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik”, - deyərək Paşinyan bildirib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşa məğlubiyyətindən sonra Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.
Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Paşinyanın az öncə yaydığı açıqlama da təsdiqləyir.
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.
Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.
İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır.
Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də nəzərdə tutur.
Qarabağın statusu müzakirə mövzüsu olmayacaq!
Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.
Bu, Azərbaycanın böyük hərbi və siyasi qələbəsidir!
Oxunub: 455
Xəbəri paylaş
Paylaş: