Fransa və ABŞ-dan olan həmsədrlər Moskvaya gələcək -
Qarabağ razılaşması ilə bağlı
ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri yaxın günlərdə münaqişə zonasında atəşkəsə dair əldə olunmuş razılaşmanın həyata keçirilməsindəki rollarını müzakirə etmək üçün Moskvaya gələcəklər.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bugünkü mətbuat konfransında deyib.
“Biz heç bir şəkildə özümüzü amerikalı və fransız həmkarlarımızdan uzaqlaşdırmaq istəmirik. Üstəlik, onları Moskvaya dəvət etmişik. Yaxın günlərdə əldə olunan razılaşmaların həyata keçirilməsinə necə töhfə verə biləcəkləri barədə ətraflı söhbət etmək üçün bura gələcəklər”, – deyə o bildirib.
Nazir ATƏT-in Minsk qrupunun rolunun bu şəkildə qorunub saxlanılacağını vurğulayıb:
“Bu Ermənistan və Azərbaycan Xarici işlər nazirləri tərəfindən də razılıqla qarşılanıb. Dünən Azərbaycanın Xarici İşlər naziri ilə də telefonla danışdım, o da həmsədrlərlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu təsdiqlədi”.