Rusiya “vaqneri” cəbhə xəttindən çıxarıb -
Liviyada
Rusiyanın «Vaqner» özəl hərbi şirkətinin döyüşçüləri Liviyada cəbhə xəttindən çıxarılıb.
Türkiyənin «Anadolu» dövlət informasiya agentliyinin Liviya Milli Razılıq Hökuməti (MRH) silahlı qüvvələri komandanı Nasr Omərə istinadla xəbər verdiyi kimi, «vaqnerçilər» atəşkəs razılığından sonra cəbhə xəttini tərk ediblər.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan «Vaqner» ÖHŞ-nin Liviyada oynadığı destruktiv roldan danışmışdı.
Yanvarın 13-də Liviya Milli Ordusunun komandanı marşal Həftar və Liviya Milli Razılıq Hökumətinin (MRH) Baş naziri Sərac Moskvaya səfər etmişdilər, amma verilən xəbərlərə görə, marşal Həftar yekun sənədi imzalamadan Moskvanı tərk edib. Liviya hərbi mənbələrinin məlumatına görə, yanvarın 12-dən qüvvəyə minmiş «sükut rejimi» pozulmaqda davam edir.
Xatırladaq ki, Xəlifə Həftarın komandanlığı altında Liviya Milli Ordusu və Faiz Səracın başçılığı altında Liviya Milli Razılıq Hökuməti arasında davam edən döyüşlərdən sonra, yanvarın 12-də gecəyarı atəşkəsə razılıq veriblər. Atəşin dayandırılması təşəbbüsü ilə Rusiya və Türkiyə prezidentləri çıxış ediblər. Yanvarın 8-də İstanbulda keçirilən danışıqların yekununda Valadimir Putin və R.T.Ərdoğan bu barədə birgə bəynat qəbul ediblər.
Əldə olan son məlumata görə, marşal Həftar atəşkəs barədə imzalanacaq sənədin mətnini yerli qəbilə başçıları ilə müzakirə etmək üçün 2 gün vaxt istəyib.
Moskva danışıqlarından sonra, Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu isə marşal Həftarın sənəd imzalamadan Moskvanı tərk etməsinə münasibət bildirərkən deyib: «Həftarın hərəkəti göstərdi ki, Liviyada kim sülh, kim mühribə istəyir…»