Alban-udi dini icması Kəlbəcərdəki Xudavəng monastır kompleksini ziyarət edib
Azərbaycan Alban-udi dini icmasının nümayəndələri dekabrın 4-də Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər, Azərtac agentliyi yazır. Agentliyin xəbərinə görə, İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi "dağlar qoynunda yerləşən monastırda ehtiramla yad olunub". "İllərdir bütün dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığı Azərbaycanda firavan yaşayan udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ və Oğuzdakı alban məbədlərində olduğu kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Kəlbəcərdəki Xudavəng monastır kompleksində də ibadət edəcəkləri günləri səbirsizliklə gözləyirdilər". 1993-cü il aprelin 2-də işğal edilmiş Azərbaycanın yüksək dağlıq rayonlarından biri olan Kəlbəcər 2020-ci ilin noyabrın 25-də üçtərəfli bəyanata əsasən Azərbaycana təhvil verilib.