Baydendən Türkiyə və Rusiyaya tələb: “Bu ölkədən çıxın”
ABŞ Rusiya və Türkiyəni qoşunlarını Liviyadan dərhal çıxarmağa çağırıb.
Turkustan xəbər verir ki, Vaşinqtonun BMT-dəki müvəqqəti işlər vəkili Riçard Mills belə bir açıqlama ilə çıxış edib.
Diplomat bildirib ki, Moskva və Ankaraya tabe olan qüvvələr ötən ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq, Liviya ərazisini tərk etməlidir.
Qeyd edək ki, Moskva Liviya ərazisində Rusiya Silahlı Qüvvələrinin olmadığını bildirir. Türkiyə hərbçiləri isə BMT tərəfindən tanınan Liviya Milli Razılaşma Hökuməti arasındakı sazişə uyğun olaraq bu ölkədə fəaliyyət göstərir.
“Ekathimerini” qəzetinin yazdığına görə, Milsin bəyanatı Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. Mils qeyd edib ki, Vaşinqton Rusiya, Türkiyə və BƏƏ-dən Liviyanın suverenliyini, vahid dövlət idarəetmə sisteminin formalaşmasını tanımağı, eyni zamanda seçkilərin keçirilməsi və hərbi əməliyyatların tamamilə yekunlaşmasını tələb edib.
Daimi atəşkəsə dair razılaşmaya uyğun olaraq, muzdlu yaraqlılar yanvarın 23-dək ölkə ərazisini tərk etməli idilər. Lakin sonda bu şərt yerinə yetirilmədi.
Üstəlik, dekabr ayında Türkiyə parlamenti tərəflərin 2019-cu ildə imzaladığı “Ankara ilə rəsmi Tripoli arasında hərbi əməkdaşlıq memorandumu”na uyğun olaraq, hərbi qüvvələrin Liviyada qalma mandatını 2022-ci ilə qədər uzadıb.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: