Gürcüstana məxsus yük maşınları İran-Azərbaycan sərhədindən buraxılmır
Gürcüstana məxsus 40-a yaxın yük maşını bir həftədən çoxdur İran-Azərbaycan sərhədində saxlanılıb.
Report-un Gürcüstan bürosu xəbər verir ki, iranlı gömrükçülər səbəb göstərmədən maşınların Azərbaycan istiqamətində hərəkətinə icazə vermirlər.
Yük maşınlarının sürücüləri Gürcüstan hökumətinə kömək üçün müraciət ediblər.
Gürcüstanın Xarici İşlər Nazirliyi məsələni diqqətə götürüb. Ötən gün Gürcüstanın İrandakı konsulu Giorgi Saxltxutsişvili sürücülərə baş çəkib, onların ehtiyacları ilə maraqlanıb. Diplomat həmçinin gömrük terminalının rəisi və sərhəd-buraxılış məntəqəsinin rəhbəri ilə görüşüb.
Artıq ötən gün bir neçə “TIR” sərhəddən buraxılıb. Prosesin mərhələli şəkildə davam etdiriləcəyi bildirilib.
Gürcüstanın İrandakı səfirliyi sürücülərin Gürcüstana qayıtması prosesinin sürətləndirilməsi üçün müvafiq dövlət qurumları ilə təmasları davam etdirir.