"PUTİNİN SARAYI"NIN “SAHİBİ” TAPILDI - “Biz orada mehmanxana tikmək istəyirik...”
Müxalifətçi Aleksey Navalnının barəsində film çəkdiyi, böyük səs-küyə, qalmaqala səbəb olan və “Putinin sarayı” kimi tanınan Krasnodar vilayətindəki böyük malikanənin “sahibi” üzə çıxıb.
Rusiyalı milyarder, Vladimir Putinin yaxın ətrafında təmsil olunan və dostu sayılan Arkadi Rotenberq bu gün Rusiya mətbuatına açıqlama verərək, Gelincik şəhərində, Qara dənizin sahilində yerləşən və 1 milyard dollardan artıq dəyəri olan malikanənin ona məxsus olduğunu bildirib.

Ərazini və oradakı sarayı tərifləyən milyarder deyib ki, indiyə kimi səsini çıxarmaması, həmin mülkün sahibi olduğunu söyləməməsi “insan amili” ilə bağlıymış: “Biz orada mehmanxana tikmək istəyirik, ona görə də otaqların sayı çoxdur. Mehmanxana biznesi çox xoşuma gəlir, hələ bunu sonradan turizm biznesinə çevirəcəyimi demirəm. Orada qanunsuz heç nə yoxdur...”
Milyarder deyib ki, bu tikintiylə bağlı qalmaqalları nəzərə alaraq, onu mümkün qədər tez – 1.5-2 ilə başa çatdırmaq istəyirlər.
Xatırladaq ki, sözügedən malikanə ilə bağlı Aleksey Navalnının müəllifi olduğu filmə baxış sayı artıq 103 milyonu keçib. A.Rotenberqə gəlincə, o, “Qazprom”-la əlaqəli biznesə, həmçinin böyük tikinti biznesinə malik şəxs kimi tanınır və Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunur.
Onun qalmaqal başlayandan xeyli müddət sonra sarayın sahibliyini öz üzərinə götürməsi isə Rusiyanın müstəqil mətbuatında və sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.
C.Məmmədov
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: