Epidemiya səhiyyədəki daha bir problemi üzə çıxarıb
Koronavirus epidemiyası dünyada sürətlə can almağa davam edərkən, səhiyyə sektorunda oksigen çatışmazlığı kimi ciddi problemlər də yaradıb.
Bu məsələ Murdok Uşaq Tədqiqat İnstitutunun rəhbərlik etdiyi onlayn toplantının əsas mövzusu olub. Toplantıya ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci və ABŞ-ın keçmiş prezidenti Bill Klinton da qatılıb.
"Zəngin bir ölkədə yaşayırsınızsa və oksigen çatışmazlığınız varsa, həkimlər sizi müalicə edəcək cihazlara sahibdirlər. Ancaq dünyanın digər yerlərində bu, hələ də ölüm riski olaraq qalır. “Sağlamlıq bərabərliyi” böhranı Covid-19-un gəlməsi ilə daha da şiddətləndi", – deyə, Bill Klinton çıxışında bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinad edən A.Fauci, hər il 500 min yeni doğulmuş körpənin məhz oksigen çatışmazlığı səbəbiylə öldüyünü bildirib. O, oksigen əldə olunduğu halda hər il sətəlcəmdən ölən yetkinlərin yüzdə 40-nın xilas olunmasının mümkünlüyünü qeyd edib.
Toplantıda Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sədri Con Nkengasong, tibbi oksigen çatışmazlığının Afrika Birliyi üçün böyük bir problem olduğunu və oksigenin vaxtında təmin edilməməsinə görə bir çox ölümlərin qarşısının alına bilmədiyini vurğulayıb. "55 ölkə və 1,2 milyard insanın yaşadığı Afrika qitəsində tibbi oksigen yalnız 68 ərazidə hazırlanır", - o, əlavə edib.