İran Kiş adasından imtina edir? -
Çin İranda hərbi baza qurmaq istəyir
İran və Çin Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü (BRI) çərçivəsində 25 illik strateji əməkdaşlıq müqaviləsi imzalasa da, bir çox iranlılar təbii sərvətlərin itirilməsi və İranda Çin hərbi bazasının yaradılması kimi müxtəlif məsələləri nəzərə alaraq, bu razılaşmaya şübhə ilə yanaşırlar.
Anadolu Agentliyi xəbər verir ki, müqavilənin məzmunu ictimaiyyətə açıqlanmasa da, bəzi dairələr İranın Kiş adasından və təbii sərvətlərindən Pekinin lehinə imtina edəcəyini və Çinin müqaviləyə uyğun olaraq İranda hərbi baza quracağını iddia edir.
İranda aparılan sorğuda vətəndaşların çoxu müqavilənin məzmununun açıqlanmamasından narahat olduqlarını dilə gətirib.
"Müqavilənin məzmunu barədə tam məlumatım yoxdur. Hər bir iranlı bu mövzuda məlumat almaq hüququna malikdir. Niyə hansısa bir çinli ölkəmizin bir hissəsinə gəlib, orada yaşamaq istəyir?" - deyə, İran vətəndaşı Samirə Guderzi Anadolu Agentliyinin müxbirilə söhbətində bildirib.
Digər bir iranlı isə Çinlə əməkdaşlığa guvənmədiyini deyib: "Çin ilə Kamboca arasındakı müqaviləyə baxsaq, bu razılaşmanın arxasında heç bir müsbət irəliləyişin olmadığını söyləyə bilərik. İnsanlarımız seçimlərinin və etirazlarının heç bir təsiri olmadığını görür. Dövlət məmurları istədikləri addımları atırlar. Xalqa bu anlaşma barədə məlumat verilməlidir".
İran məhkəmə məmuru Muhsin İbrahimi də son razılaşmanın detallarının açıqlanmasının lazım olduğunu deyib.
Xatırladaq ki, Çin və İran 400 milyard dollar dəyərində müqavilə imzalayıb. Çin qaz və neft də daxil olmaqla İranın müxtəlif sektorlarına milyardlarla dollarlıq investisiyalar yatıracaq, Tehran isə 25 il müddətində Pekini güzəştli şərtlərlə enerjilə təchiz edəcək.