Qorxunc gəlişmə: “Putin Ərdoğana məhəl qoymadı” –
Amerikalı generallar Ankarada
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ankaranın Moskva ilə apardığı konfidensial danışıqların nəticə vermədiyini bildirib:
“Putin bir tərəfən danışıqlar aparır, digər yandan hücum əmri verir. Bu, Putinin ənənəvi siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, Türkiyə buna cavab olaraq, Bəşər Əsəd ordusuna zərbələr endirəcək. Bu prosesdə ABŞ-ın Türkiyəyə dəstək verəcəyi şübhəsizdir. Hazırda ABŞ generalları Ankarda danışıqlar aparır. Onlar İdlibdə baş verənlərdən Türkiyə-Rusiya əlaqələrinin pozulmasında istifadə edərək, Ankaranı öz tərəflərinə çəkmək istiqamətində müzakirələr aparır.
Neçə gündür Ərdoğanın Putinə çağırışları cavabsız qalır. Qənaətimə görə, Putinin səssizliyi Türkiyəni İdlibdən çıxarmağa hesablanıb. Bununla da Türkiyə-Rusiya əlaqələrindəki çatlar özünü büruzə verməyə başlayacaq. İki ölkə arasında siyasi-hərbi texniki əlaqələr zəifləyəcək. Amma bunun iqtisadi və enerji əməkdaşlığına təsir edəcəyini düşünmürəm”.
Məhəmməd Əsədullazadə bildirib ki, həm Türkiyə, həm də Rusiya iqtisadi əməkdaşlığın davam etdirilməsində maraqlıdır: “Amma Suriya və Liviya məsləsində tərəflərin yaxınlaşması taktiki idi. Strateji maraq baxımından Rusiya və Türkiyə regionda bir-birinə rəqibdir. Bu fonda da yaxın günlərdə “ABŞ-Türkiyə aysberqi”nin əriməsinin şahidi olacağıq”.