Rusiya ilə Avropa arasında casus qalmaqalı -
Hər iki tərəf diplomatları qovur
Rusiya İtaliyanın diplomatını ölkədən çıxarıb, bunun martda Romanın iki rusiyalı diplomatını qovması kimi əsaslandırılmamış addıma cavab olduğunu bildirib.
Xarici İşlər Nazirliyinin aprelin 26-da yaydığı açıqlamada deyilir ki, İtaliyanın Moskvadakı səfiri Paskual Terraçniano quruma çağırılıb, ona səfirlikdəki müdafiə attaşesinin köməkçisi və donanma attaşesinin persona - non - qrata elan olunması barədə nota təqdim edilib. Diplomat 24 saat ərzində Rusiya ərazisini tərk etməlidir.
İtaliya ötən ay Rusiyanın iki diplomatını ölkədən çıxarıb, bildirib ki, polis İtaliya donanma kapitanını Rusiya ordu zabitinə pul qarşılığında gizli sənədlər ötürərkən yaxalayıb. İtaliyanın Xarici İşlər Nazirliyi Rusiyanın addımını əsassız və ədalətsiz adlandırıb.
Bu arada Rumıniya Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb. İndiyədək Avropanın bir neçə ölkəsi Moskvaya qarşı oxşar mövqe sərgiləyib. Buna Praqa ilə yaranan qalmaqal səbəb olub. Çexiya 2014-cü ildə silah deposunda Rusiyanın əli olduğunu iddia edib.
Rumıniya XİN Buxarestdəki səfirliyin hərbi attaşesinin köməkçisi Aleksey Qriçayevi persona - non - qrata elan edib. Onun diplomatik münasibətlərə dair Vyana Konvensiyasını pozduğu bildirilir.
Rusiyanın səfiri Valeri Kuzmin nazirliyə çağrılaraq ona bu addım haqda məlumat verilib. Kuzmin Buxarestin hərəkətini ədavətli adlandırıb, Moskvanın uyğun cavab tədbirləri görmək hüququnu saxladığını bildirib.
Praqa Rusiya gizli xidmətlərini 2014-cü ildə iki nəfərin ölümüylə nəticələnmiş partlayışda ittiham edir. Moskva isə ittihamları rədd edib.
Çexiya ötən həftə Rusiyanın 18 diplomatını, onun ardınca Moskva Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarıb. Xarici işlər naziri Yakub Kulhanek aprelin 23-də deyib ki, hər iki ölkə səfirliklərinə 32 işçi saxlamağa icazə veriləcək.
Polşa, Macarıstan və Slovakiyanın baş nazirləri aprelin 26-da birgə bəyanatda Çex Respublikası ilə tam həmrəylik bildirib, Rusiyanın Avropa torpağında daha bir təcavüzünü, beynəlxalq hüququ pozmasını pisləyiblər./azadliq.org