SOCAR-ın gizlinləri: 7 müşaviri olan Rövnəq Abdullayevin maaşı baş nazirinkindən 3,5 dəfə çoxdur - VİDEO

Globall.az xəbər verir ki, tanınmış iqtisadçı, araşdırmaçı, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu özünün facebook səhifəsində SOCAR-la bağlı maraqlı bir paylaşım edib. Daha dəqiqi, dövlət şirkətində çalışanların nə qədər maaş aldıqlarını açıqlayıb. Bu paylaşıma müxtəlif reaksiyalar olsa da, ictimai marağa səbəb olduğunu nəzərə alaraq Globall.az həmin paylaşımı şərh etmədən olduğu kimi dərc edir.
"SOCAR-la bağlı indiyə qədər sirr saxlanılan çox vacib məlumatı sizinlə bölüşürəm.
Hər kəsə məlumdur ki, SOCAR-da 1 prezidenti, 12 vitse-prezident vardır. Hər vitse prezidentin ayrıca 1 müavini, 1 müşaviri və 1 referenti vardır.
SOCAR prezidenti Rövnəq Abdullayevin isə 7 müşaviri vardır. Aylıq əmək haqları da 4500-5000 manat arasında dəyişir.

Rövnəq Abdullayevin özünün aylıq əmək haqqı 7 min 890 manatdır, bu məbləğ orta aylıq əmək haqqından 11,5 dəfə, median əmək haqqından 23 dəfə, minimum əmək haqqından 32 dəfə, yaşayış minumumunun dəyərindən isə 40 dəfə çoxdur.
Onun və vitse-prezidentlərin aylıq əmək haqqı cədvəlini foto bölməsində təqdim edirəm.
Əslində bu məlumatlar internetdən əlçatan olmalıdır. Çünki SOCAR dövlət şirkətidir. Gözlədik, özləri açıqlamadı, ona görə BİZ dərc edirik.
P.S. Mövzunun müzakirəsini daha geniş detalları və təhlillərlə BİZ TV-də davam etdirəcəyik.
P.P.S. Azərbaycan Respublikasının prezidenti – 15 000 manat, Baş naziri 2 460 manat, Baş nazirin birinci müavini 2 160 manat, Baş nazirin müavini 2 060 manat aylıq əmək haqqı alır.
P.P.P.S. Belarus prezidenti Aleksandr Lukaşenkonun aylıq maaşı 4767 manatdır ki, bu da SOCAR prezidentinin maaşının 60 faizinə çatır."
Globall.az-dan: Qeyd edək ki, bu paylaşıma çox sayda şərhlərdə cədvəldə adı olanların maaşdan əlavə üstəlik "paket" aldıqları da xüsusi vurğulanır.
Oxunub: 406
Xəbəri paylaş
Paylaş: