İsrail ordusunun “Metro” əməliyyatı: yeraltı tunellərə 100-ə yaxın bomba atılıb /VİDEO

İsraillə Fələstinin Qəzza sektoruna nəzarət edən HƏMAS qruplaşması arasında müharibə artıq altıncı gündür ki, davam edir. Virtualaz.org xəbər verir ki, ötən gecə yenə tərəflər bir-birlərinə raket və bomba zərbələri endiriblər. Hər iki tərəfdən ölənlərin və yaralananların sayı artır. Qəzzadakı HƏMAS hökumətinin səhiyyə nazirliyi ölənlərin sayının 150-ni keçdiyini bildirib, İsraildə isə 9 mülki sakinin həlak olduğu bildirilir.
İsrail ordusunun mətbuat xidmətinin rəhbəri, briqada general Hiday Zilberman bu gün mayın 16-da səhər saatlarında keçirdiyi brifinqdə bildirib ki, ötən gecə Qəzza ərazisindən İsrailə 55 raket atılıb, onların çoxunu “Dəmir günbəz” raketdən müdafiə sistemi zərərsizləşdirib. HƏMAS isə ötən gecə İsrail ərazisinə yüzlərlə raket atdığını bildirirdi.

Zilberman onu da bildirib ki, ötən gecə HƏMAS-ın hərbi qanadının liderlərinin evləri dəqiq zərbələrlə vurulub. Habelə HƏMAS-ın yeraltı tunellər şəbəkəsini dağıtmağa hesablanmış “Metro” əməliyyatının ikinci fazası tamamlanıb. Onlarla İsrail təyyarəsi yeraltı tunellərə 100-ə yaxın bomba atıb. Zilbermanın bildirdiyinə görə, İsrail ordusu yəhudilərin Şavout bayramı (mayın 16-ı və 17-i) günlərində HƏMAS-a başqa “hədiyyələr” də göndərəcək.
“Əl-Cəzirə” telekanalı da ötən gecə İsrail aviasiyasının Qəzzaya 150-dən çox zərbə endirdiyini, binalara və nəqliyyat kommnikasiyalarına ciddi ziyan dəydiyini xəbər verir.

Bu arada İsrail mətbuatı Qəzza sektorunda “Metro” əməliyyatının birinci fazasının uğursuz olduğunu yazır. Belə ki, İsrail ordusu Qəzzaya yerüstü hücum əməliyyatı görüntüsü yaradaraq HƏMAS yaraqlılarını yeraltı tunellərdə gizlənməyə məcbur etməyi planlaşdırmışdı. Plana əsasən yaraqlıların yeraltı tunellərdə gizlənməsindən sonra aviasiya işə düşməliydi və tunellər dağıdılmalı idi. Bu zaman ən azı 350-400 HƏMAS yaraqlısının məhv ediləcəyi hesablanmışdı.
Plana əsasən iki gün əvvəl İsrail ordusu Qəzzaya yerüstü hücum görüntüsü yaradıb, tanklar və artilleriya işə salınıb, ardınca 160-a yaxın təyyarə eyni vaxtda havaya qaldırılaraq Qəzzaya misli görünməmiş miqyasda hava zərbələri endirilib. Lakin daha sonra məlum olub ki, HƏMAS quru əməliyyatının başlayacağına inanmayıb və öz yaraqlılarının çox az qismini yeraltı tunellərə doldurub. Nəticədə İsrail ordusu gözlənilən effekti ala bilməyib./virtualaz.org
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: