Erməni eks-prezidentdən NARAZILIQ:
“Qarabağ məğlubiyyətindən nəticə çıxarmamışıq”
Ermənistanın keçmiş prezidenti ölkəsindəki siyasətin müharibədən sonrakı ritorikasının yeni itkilər və məyusluqlarla dolu olduğundan şikayətlənir.
Ermənistan KİV xəbər verir ki, ilk prezident Levon Ter-Petrosyan Qarabağdakı müharibədə məğlubiyyətin səbəbkarının təkcə Nikol Paşinyan olmadığını bildirib. Onun sözlərinə görə, Paşinyanın sələflərini də bu məğlubiyyətdə günahkardır.
“Söhbət bir neçə ay əvvəl Paşinyanı kənarlaşdırmaq məqsədi ilə “Vətənin Xilası Hərəkatı” nı yaradan qüvvələrdən gedir. Paşinyanın müxalifləri onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını demiş olublar. Müxalifət Nikol Paşinyanın onların yaratdıqları, onların fikirləri olduğunu qəbul etmək istəmirlər. 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr, Qarabağ problemini layiqli və əlverişli həll etmək üçün bütün cəhd və təşəbbüsləri ardıcıl olaraq ləğv etdilər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromis seçimini rədd etmək siyasətini tətbiq etdilər. Nəticədə ölkəni bu gün yalnız Paşinyanı ittiham etdikləri fəlakətə gətirdilər. Eyni zamanda səlahiyyətlilərin və siyasi dairələrin haqsız tənqidlərinə baxmayaraq, Ermənistan ordusu da məğlubiyyətdə günahkar deyil. Müasir silahlarla təmin olunmuş bizdən qat-qat güclü orduyla döyüşürdülər. Təəssüf hissi ilə qeyd edək ki, Ermənistan məğlubiyyətdən heç bir nəticə çıxarmadı. Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan boş, mənasız gözləntiləri, təhdidləri və Türkiyə və Azərbaycana qarşı silahlı ritorikanı ehtiva edir. Bu tendensiya seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmirik. Bu o deməkdir ki, yenidən erməni xalqını itkilər və məyusluqlar gözləyir”.
Xatırladaq ki, Ermənistan parlamentinə seçkilərin iyunun 20-də keçirilməsi planlaşdırılır./modern.az