Rusiyanın "Şimal axını-2" layihəsinə sanksiyalar niyə dayandırıldı? -
Bayden səbəbləri açıqladı
"ABŞ administrasiyası "Şimal axını-2" qaz layihəsinə sanksiyaları ona görə dayandırmağa qərar verdi ki, layihə demək olar tamamlanıb və sanksiyalar Avropa müttəfiqləri ilə münasibətlərə ziyan vurardı".
Globall.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
“Layihə demək olar tamamlanıb. Bu heç də mənim Almaniyaya nəyisə icazə verib-verməyəcəyim məsələ deyil… Hazırda irəli gedərək sanksiyalar tətbiq etmək, məncə, Avropa ilə münasibətlərimizə əks təsir göstərərdi”, – Bayden vurğulayıb.
Qeyd edək ki, "Şimal axını-2" Rusiyadan təbii qazı Baltik dənizinin dibi ilə Almaniyaya nəqlini nəzərdə tutur.
Dövlət Departamentinin ötən həftə bəyan edib ki, kəməri çəkən “Şimal axını 2 AG” Rusiya şirkəti və onun almaniyalı baş icraçı direktoru, Rusiya Prezidenti Vladimir Putinin müttəfiqi olan Matias Varniq sanksiya tətbiq olunası fəaliyyətlə məşğul olublar. Amma Bayden administrasiyası ABŞ-ın milli maraqlarına uyğun olmadığı üçün sanksiyaları dayandırır. Bu addım Vaşinqtonun özündə respublikaçıların və bəzi demokratların tənqidinə səbəb olub.
95 faizi tamamlanmış kəmər sentyabrda tam hazır ola bilər. Keçmiş prezident Donald Tramp administrasiyası dövründə o, Berlinlə Vaşinqton arasında siyasi mübahisə mövzusu idi. Yanvarda vəzifəyə keçən Bayden Avropayla münasibətləri düzəltməyə çalışır.ABŞ rəsmilərinin fikrincə, bu kəmər Avropanı Rusiyanın enerji təchizatından daha çox asılı edəcək və qaz tranzit haqlarından asılı Ukraynadan yan keçəcək. Almaniya hökuməti layihəni dayandırmaqdan imtina edib, bunun kommersiya və suveren məsələ olduğunu deyib.
Bayden iyunda Avropaya səfəri zamanı Almaniya kansleri Angela Merkel və Putinlə görüşəcək. Merkel mayın 24-də deyib ki, sanksiyalar dayandırılandan sonra "Şimal axını-2" üzrə Birləşmiş Ştatlarla müzakirələrin davam edəcəyini gözləyir.