General Haftər daha bir şəhəri ələ keçirdi –
Türkiyə-Liviya müharibəsi başlayacaqmı?
Paytaxt Tripolidəki Milli Sövdələşmə Hökuməti Sirtə şəhərində dinc sakinlərin atəşə məruz qaldıqlarını bəyan edib.
Qeyd edək ki, bu ayın əvvəlində Liviyanın böyük bir hissəsini nəzarətdə saxlayan general xəlifə Haftər Misirə səfər etmiş və bu ölkənin prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşmüşdü. İki gün davam edən səfər zamanı Liviya diktatorunun öz həmkarından hərbi dəstək istədiyi bildirilmişdi. Məlumata görə, Haftər öz istəyini Türkiyənin Liviyaya əsgər göndərməsi ehtimalı ilə əsaslandıraraq demişdi: “Bizə lazımi hərbi dəstək versəniz, Türk əsgəri Liviyaya gələnə qədər bütün ölkəni öz nəzarətim altına alaram. Türkiyə ordusu sərhədlərimizə çatanda müharibə bitmiş olar”.
General Haftər həmçinin, Misir liderindən Türk hərbi birliklərinin Liviyaya müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq burumları səfərbər etməsini və rəsmi Ankaraya siyasi təzyiqlər göstərməsini istəmişdi.
Sual oluna bilər: Liviya generalının Türkiyədən nə alıb-verə bilmədiyi var?
Türkiyə ilə Liviyanın böyük hissəsinə nəzarət edən general Haftər hakimiyyəti arasında ziddiyyətlər əslində bu iki ölkənin heç birinə çox da aid olmayan səbəbdən qaynaqlanır. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl Şərqi Aralıq dənizində zəngin qaz və neft yataqları kəşf olunmuşdu. İsrail, Misir, Yunanıstan və Cənubi Kipr Rum şirkətlərinin həmin ərazidə birgə başladığı qazma-kəşfiyyat fəaliyyətləri Türkiyənin sərt təpkisnə yol açmışdı. Rəsmi Ankara bu ərazilərin bir hissəsini Şimali Kiprin su sərhədlərinə daxil olduğunu vurğulayır, ya onun da haqqının verilməsini, ya da bu kəşfiyyat işlərinin dayandırılmasını istəyirdi. Kəşfiyyat aparan şirkətlər isə bu iddianı qəbul etmirdilər.
Müzakirələrin getdikcə qızışdığı bir şəraitdə rəsmi Ankaraya Liviyadan gözləmədiyi bir təklif gəldi. İkiyə bölünmüş ölkənin əzəli paytaxtını əlində tutan Milli Sövdələşmə Hökumətinin baş naziri Fəyyaz əl-Sərrac Türkiyədən hərbi yardım istəyir, bunun müqabilində isə Şərqi Aralıq dənizində enerji hasilatı müqavilələri bağlayacağını vəd edirdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dəvətilə ötən il 27 noyabrda İstanbula gələn Fəyyaz əl-Sərrac ilə “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması” müqaviləsi imzalandı və Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-qazma işləri aparmaq hüququnu sənədləşdirdi. Qeyd edək ki, Şərqi Aralıq dənizindəki qaz sahəsi ən geniş sərhəddə sahib olan ölkə kimi Liviyanın su ərazilərinə yaxın bölgədə yerləşir. Beynəlxalq qanunlara əsasən, neytral sularda yaxın ərazilərdə yerləşən ölkələr hər kəsdən daha çox qazma-kəşfiyyat işləri aparmaq haqqına malikdirlər. Başqa dövlətlər burada fəaliyyətlərini davam etdirmək üçün həmin ölkələrlə razılaşmalıdırlar. Fəyyaz əl-Sərracın bu təklifi Türkiyəyə qaz sövdələşməsində ciddi üstünlük qazandırırdı.