“İrəvanda maşınla Bakıya gəlmək, Xəzərdə çimmək istərdim”-
Şevçenkonun dəniz arzusu “dənizdən-dənizə” xülyasına qarşı
Bu gün Ermənistanda parlament seçkiləridir. Təbii ki, bir çoxlarını düşündürən əsas sual budur ki, Güney Qafqazda daim gərginliyin və qarşıdurmaların əsas baiskarı olan bu fitnəkar və cırtdan ölkənin xalqı nəhayət, 44 günlük müharibədəki məğlubiyyətdən ibrət dərsi götürüb doğru seçimini edəcəkmi, yoxsa ona yeni fəlakətlər vəd edən revanşist və populist qüvvələri təzədən iqtidar edəcək?
Aylardır dünyanın ağıllı başları erməni toplumunu bir daha boş, mənasız ideyaların əsiri olmamağa, “miatsum”, “böyük Ermənistan” nağıllarına inanmamağa, illüziyalarla yaşamamağa, bölgədəki yeni reallığı qəbul eləməyə çağırır. Nəticə olacaqmı? Heç olmasa, neçə vaxtdır öz xalqını qəflət yuxusundan ayıltmağa çalışan sabiq prezident Ter-Petrosyanı eşidəcəklərmi? Hansı ki, Qarabağ məsələsini artıq bitdiyini, bu məsələdə Ermənistanın müttəfiqinin qalmadığını, “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan”, “Kürdən-Araza ölkə” kimi sərsəm iddiaları unutmağın, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağın vacibliyini bəyan edir.
“Mənimlə razı olmaya bilərsiniz, ancaq zaman keçdikcə biz Azərbaycan və Türkiyə ilə razılığa gəlməliyik. Qonşular bir-biri ilə əbədi düşmən ola bilməz” deyən Ter-Petrosyan seçkilərdən iki gün qabaq qonşularla əbədi düşmənçiliyin Ermənistanın özünün varlığını təhlükəyə atacağını və bu vəziyyətin həlli üçün sülh, mehriban qonşuluq və anlaşma vacib olduğunu xüsusi vurğulayıb.
“Gözləməyin ki, hansısa erməni gəlib “mən Qarabağ münaqişəsini həll edəcəyəm, Şuşanı, Hadrutu qaytaracağam” desin. Beləsi yoxdur, mövcud deyil. Bu – illüziyadır. Artıq səhv eləmək limitimiz bitib”. Bunu da Ter-Petrosyan söyləyib və həmçinin 20 iyundan sonra ölkədə vətəndaş qarşıdurması ehtimalının böyük olduğunu bildirib.
Cəmi bir neçə saat sonra bəlli olacaq: erməni xalqı baş nazirik iddiasında olmayan Ter-Petrosyanın tövsiyələrini ciddiyə alıb, ya yox?..
***
“Biz görürük ki, Ermənistanda da ağıllı insanlar var. Ölkənin birinci prezident Levon Ter-Petrosyan Ermənistanın “İctimai Televiziyası”na verdiyi müsahibəsində Putinin dostu adlandırılan keçmiş prezident Robert Köçəryanın Hadrut və Şuşanı geri qaytaracağı ilə bağlı açıqlamasına sərt münasibət bildirdi. Levon Ter-Petrosyan ağıllı adamdır. Hətta Heydər Əliyev onun haqqında “köhnə məktəbin dərrakəli adamı” kimi danışmışdı”.
Bu barədə Vesti.az-a rusiyalı tanınmış publisist və analitik Maksim Şevçenko deyib.
Onun sözlərinə görə, Levon Ter-Petrosyanın yuxarıdakı məntiqli açıqlamaları fonunda Ermənistan Xarici İşlər Nazirliyinin Şuşa Bəyannaməsi ilə bağlı açıqlaması sadəcə, heyrət doğurur: “BMT-yə üzv dövlət – Ermənistan Şuşanı Azərbaycan ərazisi kimi tanımır və yer üzündəki bütün ölkələrin Azərbaycan ərazisi kimi tanıdığı bu şəhərini işğal edilmiş ərazi olaraq qəbul edir”.
Jurnalist-publisist hazırda erməni cəmiyyətində inanılmaz bir parçalanmanın yaşandığı qənaətindədir. “Biz erməni xalqı və milli maraqları adından danışan hər cür lobbi qruplarını görürük. Levon Ter-Petrosyan anlaqlı adamdır. Bəs Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını kim yazıb”, – deyə rusiyalı analitik haqlı sual edib.
Rusiyalı analitik hesab edir ki, Ermənistanda “şizofrenik ağılsızlığa” son verilməlidir. “Mən hesab edirəm ki, Ərdoğan və Əliyevin imzaladığı Şuşa Bəyannaməsi – Ermənistandakı ağıllı qüvvələrə çox vacib bir siqnaldır. Mən şəxsən Ermənistan prezidentinin Şuşada Azərbaycan, Türkiyə və Rusiya prezidentləri ilə görüşməsini, ardınca onların Xankəndinə getməsini görmək istərdim. İrəvanda maşına oturub Bakıya gələrək Xəzərdə çiməcəyim günü görmək istərdim”, – deyə əlavə edib.
Etirazımız yoxdur. Ancaq tək bizdən asılı məsələ də deyil. Şevçenkonun arzusunun çin olub-olmayacağını isə sabah biləcəyik. Hər necə olmasa, bu da “dənizdən-dənizə Ermənistan” xülyası deyil ki, heç vaxt reallaşmasın. Ermənilərin “dənizdən-dənizə” sərsəmləməsindən imtinası yetər ki, rusiyalı analitikin İrəvan-Bakı (Xəzər) marşrutu həyata keçsin…