"Taliban" Əfqanıstanda daha 3 rayonu ələ keçirib... -
amma döyüş zamanı 235 talib öldürülüb
“Taliban” silahlı qruplaşması son sutkada Əfqanıstanın Qəznə əyalətində 3 rayonu ələ keçirib. Bunu Qəznədən olan deputat Hudad İrfani mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Taliban” Qəznə əyalətinin Xoca Ömər, Vaiz və Mukur rayonlarına eyni vaxtda hücum edərək nəzarəti ələ keçirib: “Bu ərazilərdən hökumət qüvvələri geri çəkilib. “Taliban” bu gedişlə Qəznəni tamamilə ələ keçirə bilər”.
“Taliban”dan bildirilib ki, son 24 saat ərzində 5 rayona nəzarət etməyə başlayıblar.
Əfqanıstanın Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ölkənin şimalında Faryab əyalətinin Pəştun Kot və Pərvan əyalətinin Şinvari rayonları “Taliban”dan geri alınıb.
Nazirlikdən bildirilib ki, son 24 saatda Əfqanıstanın 14 əyalətində bu silahlı qruplaşmaya qarşı keçirilən əməliyyat nəticəsində 235 talib ölüb, 161-i yaralanıb.