"Putinin Qarabağ açıqlaması bizə uyğundur..." -
Tofiq Zülfüqarov
Putin Azərbaycanın və ya keçmiş Dağlıq Qarabağın tarixi Rusiya ərazisi olduğunu birbaşa söyləməyib. Odur ki, onun keçmiş SSRİ ərazisini “tarixi Rusiya torpaqları” hesab etməsindən narahat olmağa dəyməz.
Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik suallara birbaşa cavabları zamanı keçmiş müttəfiq respublikaların ərazilərinin “tarixi Rusiya torpaqları” olması haqqında fikirlərini Moderator.az-a şərh edərkən deyib.
O bildirib ki, Rusiya liderinin Qarabağ haqqında son fikirlərinə diqqət etmək gərəkdir:
“Putin çıxışında vurğulayır ki, sovet dövründə iki respublika arasında inzibati sərhədlər olub və bunlar bərpa olunmalıdır. Biz də eyni şeyi deyirik. Sadəcə, ermənilər qəbul etmir.
Odur ki, əslinə qalsa, Putinin Qarabağ barədə son açıqlaması bizim xeyrimizədir. Digər tərəfdən, anlamaq lazımdır ki, Rusiya prezidentinin çıxışları adətən daxili auditoriyaya hesablanır. Rusiya başçısının keçmiş müttəfiq respublikaların ərazilərinin “tarixi Rusiya torpaqları” olması haqqında fikirlərinə gəldikdə, bunlar siyasi çəkisi olmayan ifadələrdir.
Birincisi, hamı bilir ki, artıq SSRİ-nin bərpası mümkünsüzdür.
İkincisi, əlbəttə, Putin emosional baxımdan özünü SSRİ-nin dağılması ilə barışmayan kimi göstərir və bunu ötən çıxışlarından birində “geopolitik fəlakət” adlandırıb.
Amma reallığı, digər siyasətçilər kimi o da yaxşı anlayır. Bunu Rusiya-Belarus ittifaqının alınmaması, əksinə, iki dövlət arasında müəyyən gərginliklərin yaranması təcrübəsi də göstərdi. Buraya Rusiyanın Ukrayna, Gürcüstan və s. keçmiş müttəfiq respublikalarla münasibətlərindəki gərginliyi də əlavə etsək, hər şey aydın olar”.